Tir atıcılığı üzrə rayon turnirinin qalibləri mükafatlandırılıblar
Kürdəmir, 15 mart, AZƏRTAC
Kürdəmirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında tir atıcılığı üzrə rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər evində təşkil edilən turnirdə 36 ümumtəhsil məktəbindən idmançı yeniyetmələr iştirak edib.
Açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, polkovnik Həbib Əliyev bildiriblər ki, bu cür yarışlar ümumtəhsil məktəblərində yeniyetmələrin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsinə, onlarda vətənpərvərlik hissinin möhkəmlənməsinə böyük kömək göstərir.
Rayon turnirində məktəblilər şəxsi və komanda birinciliyi uğrunda yarışıblar. Komanda birinciliyində şəhər 1 saylı, Atakişili kənd və şəhər 2 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər. Şəxsi birincilik üzrə sərrast atıcılıqda şəhər 1 saylı tam orta məktəbin şagirdi Cəfərzadə Aqşin I yeri, Atakişili kənd tam orta məktəbin şagirdi Rəşad Ələkbərov II yeri və Sığırlı kənd tam orta məktəbin şagirdi Sabir Novruzov III yeri qazanıblar.
Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif ediliblər.