ELM VƏ TƏHSİL
TQDK iyulun 4-də buraxılış imtahanları keçirmişdir
Bakı, 4 iyul (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 4-də respublikanın 13 şəhər və rayonunda - Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Masallı və Xaçmazda buraxılış imtahanları keçirmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahanda aşağıda qeyd edilən kateqoriyadan olan şagirdlər iştirak etmişlər:
- üzrlü səbəbdən (səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi) TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdləri;
- tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər;
- əvvəlki illərdə imtahanda iştirak etməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər;
- əvvəlki illərdə buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər ikisi üzrə qeyri-kafi qiymət alan, o cümlədən eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər.
Bütün imtahan mərkəzlərində buraxılış imtahanları eyni vaxtda, saat 13:00-da başlanmışdır.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirmişlər.
İmtahan 2 saat müddətində aparılmışdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılmışdır.
Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.