DÜNYA
Trans-Sakit Okean Tərəfdaşlığı üzrə danışıqların iştirakçıları birgə bəyanat qəbul etmişlər
Tokio, 23 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, avqustun 22-23-də Bruneydə Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə danışıqların iştirakçısı olan 12 dövlətin nazirlər səviyyəsində görüşü keçirilmişdir.
Görüşdə qəbul edilmiş birgə bəyanatda TPP üzrə danışıqların bu ilin sonunadək müqavilənin imzalanması ilə başa çatdırılacağı öz əksini tapmışdır.
Görüşdən sonra təşkil edilmiş mətbuat konfransında səslənmiş bəyanatda qeyd olunur ki, danışıqların ilin sonunadək başa çatması üçün nazirlər tərəfindən yekun təlimatların verilməsi nəzərdə tutulmuşdur. Sənəddə, həmçinin bildirilir ki, nazirlər diskussiyalar zamanı 12 ölkənin tərəqqi əldə edilə bilmədiyi məsələlərdə bütün iştirakçılar üçün məqbul qərarların qəbulu yollarını müzakirə etmişlər.
Bura sənaye və kənd təsərrüfatı məhsullarının tariflərinin ləğvi, o cümlədən intellektual mülkiyyətin mühafizəsi məsələləri daxildir.
Bəyanatda vurğulanır ki, iştirakçı dövlətlər fəal diskussiyaları oktyabrda İndoneziyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (ASİƏ) forumunadək davam etdirəcəklər.
Sənəddə iştirakçı ölkələrin ASİƏ forumu ilə yanaşı, danışıqların gedişində mühüm rol oynayacaq sammitin təşkilinə də xüsusi diqqət yetirəcəkləri bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio