Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Türk Mədəniyyəti və İrsi Fondu adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik etməkdən dərin məmnunluq duyuram. Sizə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına daim tərəqqi və firavanlıq arzu edirəm.
Bu əlamətdar gün Azərbaycan xalqının şanlı tarixinin, güclü iradəsinin və müstəqilliyə olan sarsılmaz inamının rəmzidir. Bu gün Azərbaycanın müstəqilliyi Sizin rəhbərliyinizlə daha da möhkəmlənib. Azərbaycan hazırda beynəlxalq arenada öz sözünü demiş bir dövlət kimi layiqli yerini tutur.
Təşəbbüsünüzlə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının birliyini, ortaq mədəni irsimizin qorunmasını və gələcək nəsillərə ötürülməsini qürurla həyata keçirir. Azərbaycan bu böyük Türk ailəsinin iftixar qaynağı, mədəniyyəti, dili və tarixi ilə Türk dünyasının möhkəm sütunlarından biridir. Zati-aliniz tərəfindən Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, dilinin, mədəni irsinin qorunması sahəsində görülən işlər Türk dünyasının tərəqqisinə əvəzsiz töhfədir.
Bu münasibətlə xüsusilə qeyd etmək istərdim ki, 1926-cı ildə Bakıda təşkil olunmuş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamınız son dərəcə tarixi əhəmiyyət daşıyır. Həmin Sərəncam türk xalqlarının intellektual birliyinin, ortaq elminin, mədəniyyətinin və dilinin dərin köklərini dünyaya bir daha nümayiş etdirən mühüm siyasi iradənin ifadəsidir. Fond olaraq biz də bu tarixi hadisənin layiqincə qeyd edilməsi üçün öz töhfəmizi verməyə hazırıq və bu istiqamətdə müvafiq işlər aparırıq.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə də ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, bütün dualarınızın və qurbanlarınızın qəbul olunmasını arzulayıram.
Dərin hörmət və ehtiramla,
Aktotı Raimkulova
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti