SİYASƏT
Türkiyə Böyük Millət Məclisinin 92-ci ildönümü və Uşaq bayramı qeyd olunmuşdur
Ankara, 23 aprel (AZƏRTAC). Türkiyə Böyük Millət Məclisinin (TBMM) 92-ci ildönümü və Uşaq bayramı qardaş ölkənin bütün şəhərlərində qeyd olunmuşdur.
Bayram şənlikləri paytaxt Ankarada Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarətlə başlamışdır. TBMM-in sədri Cəmil Çiçək Atatürkün məzarı önünə əklil qoymuş, “İstiqlal” muzeyindəki xatirə dəftərini imzalamışdır.
C.Çiçək TBMM-in fəxri qonaqlar salonunda bayram təbriklərini də qəbul etmiş, parlamentin xüsusi iclasında nitq söyləmişdir. İclasda Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan da iştirak etmişlər.
Prezident Abdullah Gül Ankaranın Ulus meydanındakı TBMM-in ilk iclasının keçirildiyi binanı da ziyarət etmiş, burada keçirilmiş mərasimdə çıxış etmişdir.
Milli Suverenlik və Uşaq bayramı münasibətilə Baş nazir R.T.Ərdoğan zəlzələdən zərər çəkmiş ailələrin uşaqları ilə görüşmüş, onlara hədiyyələr təqdim etmişdir. Dünyanın 46 ölkəsi, o cümlədən Azərbaycandan gəlmiş uşaqlar Ankara, Konya, İstanbul, İzmir və digər şəhərlərdəki bayram şənliklərində iştirak etmiş, bu tədbirlərdə dövlət bayrağımızı dalğalandırmışlar.
Bayram şənlikləri TBMM-də təşkil olunmuş rəsmi ziyafətlə sona çatmışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara