DÜNYA
TÜRKİYƏNİN BAŞ NAZİRİ İSRAİLLƏ YARANMIŞ VƏZİYYƏTİ ABŞ PREZİDENTİ İLƏ MÜZAKİRƏ ETMİŞDİR
Ankara, 2 iyun (AZƏRTAC). Türkiyənin Baş nazirinin mətbuat xidmətindən bildirmişlər ki, Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Barak Obama arasında 1 saat davam edən telefon danışığı olmuşdur.
Türkiyənin Baş naziri İsrailin humanitar yardım karvanına hücumunun beynəlxalq hüquqa zidd olduğunu bidirərək, yaralı və girovların tez bir zamanda azad olunmasını, Qəzzənin blokadasının qaldırılmasını istəmişdir. O demişdir ki, Təl-Əviv bu günədək bölgədə sülhə töhfə verən ən böyük dostu olan Türkiyəni itirmək üzrədir. Bu, önümüzdəki günlərdə İsrailin atacağı addımlardan asılı olacaqdır.
Barak Obama İskəndərunda həlak olan əsgərlər və gəmilərdə ölən insanlarla bağlı başsağlığını çatdırmış, BMT Təhlükəsizlik Şurasının qərarına qoşulduğunu demişdir. O, bu məsələnin beynəlxalq hüquq normalarına və Türkiyənin maraqlarına uyğun şəkildə həlli istiqamətində səylər göstərildiyini də əlavə etmişdir. ABŞ Prezidenti Türkiyənin Baş naziri ilə regional problemlərin Torontoda keçiriləcək G-20 zirvəsində də müzakirə edəcəyini bildirmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara