SİYASƏT
Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir
![Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir](/files/2021/1/1200x630/16104497975390231190_1200x630.jpg)
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 11-də Moskvada baş tutan üçtərəfli görüş, əslində, iki aydır davam edən postmüharibə dövründə əldə edilən nəticələrin bir növ hesabatı və bundan sonrakı fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi mahiyyəti daşıyırdı. Üç ölkə rəhbərinin görüşünün olduqca ciddi strateji əhəmiyyəti var idi. Bu görüşü həm noyabrın 10-da imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi. Nəzərə alsaq ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat, əslində, Ermənistanın kapitulyasiya aktına imza atması idi, onda yeni imzalanmış 4 maddəlik bəyanatı elə bu prosesin davamı kimi qiymətləndirə bilərik. Yəni, daha dəqiq desək, bu il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, bəyanatda qeyd olunan əsas məsələlər yol-nəqliyyat infrastrukturunun bərpasına aiddir və bu, hazırkı mərhələdə doğrudan da olduqca prioritet məsələdir. Çünki regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması, bunun 30 ildən çox davam etməsi regional inteqrasiya və iqtisadi inkişafa çox böyük zərbə idi. Əslində, hazırkı tarixi mərhələdə iqtisadi inkişafın gətirəcəyi rifah regionda sülh və sabitliyin də davamlı olması üçün başlıca amillərdən biridir. Ona görə də bəyanatda növbəti mərhələ üçün konkret icraedici strukturun yaradılması, onun fəaliyyət istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi qarşıdakı mərhələdə regionun nəqliyyat-kommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir.
Hikmət Babaoğlunun sözlərinə görə, üçtərəfli bəyanatda öz əksini tapan ən əsas məsələlərdən biri isə Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir.
“Görüşdə önə çıxan əsas məsələlərdən biri də Ermənistan baş nazirinin problemin hələ nizamlanmaması haqqında səsləndirdiyi sərsəm fikirlərin ciddiyə alınmaması və heç bir yazılı sənədə daxil edilməməsi oldu. Azərbaycan Prezidenti isə artıq münaqişənin keçmişdə qaldığını bildirməklə bir daha bu mövzunun spekulyasiya mövzusuna çevrilməsi cəhdinə son qoydu. Bütövlükdə isə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.