İQTİSADİYYAT
Ukrayna ildə 20 milyon tona qədər Azərbaycan neftini nəql etməyə hazırdır
Kiyev, 7 oktyabr (AZƏRTAC). Ukrayna öz ərazisindən ildə 16-20 milyon ton Azərbaycan neftinin, o cümlədən tranzit yolu ilə 13-17 milyon ton neftin nəql olunmasını təmin etməyə hazırdır.
Bu barədə jurnalistlərə Ukrayna energetika və kömür sənayesi nazirinin müavini Sergey Çex məlumat vermişdir.
Nazir müavini demişdir ki, bu həcm hüdudları Ukrayna və Azərbaycan hökumətləri arasında neftin Ukrayna ərazisindən nəql edilməsi sahəsində əməkdaşlıq haqqında sazişdə təsbit olunmuşdur. Saziş ratifikasiya olunmaq üçün Ali Radaya təqdim ediləcəkdir.
S.Çex bu məlumatı dəqiqləşdirərək bildirmişdir ki, həmin sazişə görə daxili marşrutlar üzrə Droqobıç və Nadvirnyanski neftayırma zavodlarına 3 milyon tona qədər, qərb istiqamətində (Macarıstan, Slovakiya, Çexiya) 5 milyon tona qədər, Belarus istiqamətində daha 8-12 milyon ton Azərbaycan neftinin nəql edilməsi nəzərdə tutulur.
Nazir müavini demişdir: “Bizim biznes azərbaycanlı tərəfdaşlarımızla bu saziş çərçivəsində kommersiya malgöndərmələrinə dair danışıqlar aparmağa hazırdır, biz isə bu neftin bir hissəsinin pulunu ödəyərək öz zavodlarımıza göndərəcək, qalan hissəsini isə tranzit yolu ilə nəql edəcəyik”.
Ukrayna Energetika və Kömür Sənayesi Nazirliyinin məlumatına görə, 2010-cu ildə Azərbaycandan Ukraynaya nəql edilən neftin həcmi 2009-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 2,1 dəfə artaraq 1,614 milyon tona çatmışdır. 2011-ci ilin yanvar-avqust aylarında malgöndərmələrin həcmi 21,5 faiz azalaraq 704,7 min tona düşmüşdür.
Hazırda Azərbaycandan Ukraynaya nəql edilən neft əsasən Kremençuq neftayırma zavodunun qurğularında emal edilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev