SİYASƏT
Ukraynanın Azərbaycanlı Gənclər İttifaqının fəalları “Birinci kurs tələbəsinin debütü” adlı bayram konserti proqramında iştirak etmişlər
Bakı, 29 noyabr (AZƏRTAC). Ukrayna Dövlət Maliyyə və Beynəlxalq Ticarət Universitetində ənənəvi “Birinci kurs tələbəsinin debütü” tədbiri keçirilmişdir. Tədbiri təşkilatçısı Tələbə radasının üzvləridir. Ukraynanın Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) fəalı Cavid Hüseynli radanın üzvlərindən biridir.
Elmi-tərbiyəvi iş üzrə prorektor Sergey Şevçenko konsert proqramının rəsmi hissəsini giriş sözü açaraq, birinci kurs tələbələrinə uğurlu təhsil və maraqlı tələbəlik həyatı arzulamışdır. UAGİ-nin başçısı Anar Tahirov da birinci kurs tələbələrinə təbrik sözləri ilə müraciət edərək bildirmişdir ki, bu ali məktəbdə 40-dan çox Azərbaycan vətəndaşı təhsil alır. Bu da gələcəkdə birgə tədbirlər keçirmək üçün yaxşı stimuldur. Tədbir musiqi nömrələrini təqdim edən birinci kurs tələbələrinin parlaq çıxışları ilə yadda qalmışdır. Tələbələrin çıxışlarını münsiflər heyəti qiymətləndirmişdir. Münsiflər heyətinin üzvlərindən biri də UAGİ-nin başçısı A.Tahirov idi.
Yaradıcılıq studiyalarının ifasında rəqslərin, musiqi nömrələrinin, habelə tələbələrin ŞHQ komandalarının debüt çıxışlarının bir-birini əvəzlədiyi konsert proqramı maraqlı və yaddaqalan olmuşdur.
UAGİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Birinci kurs tələbəsinin debütü” təbriklər və birinci kurs tələbələrinin mükafatlandırılması mərasimi ilə başa çatmışdır.