SİYASƏT
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 87-Cİ İLDÖNÜMÜ SƏBAİL RAYONUNDA GENİŞ QEYD EDİLƏCƏKDİR
Bakı, 14 aprel (AZƏRTAC). Aprelin 14-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı fəallarının müşavirəsi keçirilmişdir.
Müşavirədə partiyanın rayon təşkilatı idarə heyətinin üzvləri, Səbail rayonu İcra hakimiyyətinin başçısı Asif Əsgərov, ərazi ilk təşkilatlarının sədrləri iştirak etmişlər.
YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov xalqımızın ümumilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, ulu öndərin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, dahi şəxsiyyətin doğum günü Səbail rayonunun bütün müəssisələrində müxtəlif tədbirlər - konfranslar, simpoziumlar, “dəyirmi masa”lar, idman yarışları və digər formalarda geniş qeyd ediləcəkdir. Bu zaman ümummilli liderin irsinin hərtərfli təbliğinə xüsusi diqqət yetirilməsi, YAP fəalları ilə yanaşı, geniş əhali kütləsinin əhatə olunması tövsiyə edilmişdir.
Qeyd olunmuşdur ki, hazırda 23 min partiya üzvünün qeydiyyatda dayandığı 120 ərazi ilk təşkilatının potensialından səmərəli istifadə olunmalı, tədbirlərdə ulu öndərə ümumxalq məhəbbəti əsas leytmotivə çevrilməlidir.
Müşavirədə çıxış edən Azərbaycan Dövlət Pedaqoji, Dövlət İqtisad universitetləri, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Neft Şirkəti, Auditorlar Palatası, “Azərittifaq”, 162 nömrəli məktəb ərazi ilk təşkilatlarının nümayəndələri ümummilli liderin doğum günü ilə bağlı keçiriləcək tədbirlər barədə məlumat vermişlər.
Səbail rayonu İcra hakimiyyətinin başçısı Asif Əsgərov müşavirədə çıxış edərək, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün həm ölkə daxilində, həm də onun hüdudlarından uzaqlarda geniş qeyd olunacağını bildirmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında tarixi xidmətləri vurğulanmış, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilmişdir.
Görkəmli dövlət xadimi olan Heydər Əliyevin doğum gününün Səbail rayonunda da geniş qeyd olunacağını deyən icra başçısı müxtəlif elmi-nəzəri tədbirlərlə yanaşı, çoxsaylı açılışların, beynəlxalq idman yarışının planlaşdırıldığını nəzərə çatdırmışdır.
Müşavirəyə yekun vuran YAP Səbail rayon təşkilatının sədri Z.Qaralov əmin olduğunu bildirmişdir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin doğum günü Səbail rayonunda ulu öndərin adına layiq qeyd olunacaqdır.
######