Ulu Öndərin həyatı və fəaliyyəti azərbaycançılıq məktəbidir
Naxçıvan, 8 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycanın qurucusu olan ulu öndər Heydər Əliyevin xalqımız və ölkəmiz üçün gördüyü işlər əsrlər keçsə də, tarixi dəyərini itirməyəcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyevin ideyaları gələcəyimizin qarantıdır” mövzusunda keçirilən konfransda danışılıb.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda çıxışında qeyd edib ki, xalqımızın iftixarı, hələ sağlığında ikən bütün dünya azərbaycanlılarının Ümummilli Liderinə çevrilmiş dahi şəxsiyyətin ideyaları və əməlləri qəlbimizdə yaşayır və daim yaşayacaq.
Əmir Babayev deyib ki, ulu öndər Heydər Əliyev Vətənin müstəqilliyinin möhkəmləndirilməsi, daimi və əbədi olması, ölkənin hərtərəfli inkişafı, xalqın milli-mənəvi dəyərlərinin qorunması və təbliği üçün cahanşümul işlər görüb. Dahi şəxsiyyətin həyatı və fəaliyyəti azərbaycançılıq məktəbidir. O, azərbaycançılıq ideyalarının yaradıcısı kimi, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün milli birliyimizin, həmrəyliyimizin zəruri olduğunu bəyan edib. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafı da dahi rəhbərin adı ilə sıx bağlıdır.
“Ulu öndər Heydər Əliyevin siyasi idarəçilik təcrübəsi, dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və fəaliyyəti boyu həmin prinsiplərə istinad etməsi bu fenomen şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ekstremal vəziyyətdə doğru qərar qəbul etmək bacarığını şərtləndirən amillərdəndir”, - deyən Əmir Babayev qeyd edib ki, bu gün müstəqil Azərbaycan istər siyasi, istər sosial-iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasındadır. Bu, Ulu Öndərin “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” arzusunun Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin əyani göstəricisidir.
Vurğulanıb ki, muxtar respublika Heydər Əliyev ideyalarının işığında özünün yeniləşən inkişaf mərhələsinə çatıb. Naxçıvan geniş quruculuq meydanına çevrilib, iqtisadi yüksəliş, çoxşaxəli dinamik inkişaf aydan-aya, ildən-ilə Azərbaycanımızın bu qədim diyarına yeniliklər gətirib. Hər il onlarla yeni məktəb, xəstəxana, mədəniyyət müəssisəsi, həkim ambulatoriyası və tibb məntəqəsi, idman qurğuları istifadəyə verilir. 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı və Azərbaycanın Gənclər Paytaxtı olan Naxçıvan həm də beynəlxalq səviyyəli konfransların, idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Bölgədə dövlət gənclər və qadın siyasəti öz uğurlu nəticələrini verir. Bütün bunlar dahi şəxsiyyət tərəfindən əsası qoyulmuş uğurlu siyasətin qədim diyarımızda davam etdirilməsi, bu yola sədaqətin bariz ifadəsidir.
Tədbirdə təşkilatın sədr müavini İbrahim Hənifəzadə “Azərbaycançılıq ideologiyasının formalaşmasında dahi şəxsiyyət Heydər Əliyevin rolu”, təşkilatın idarə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nüsrət Həsənov “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, aparıcı məsləhətçi Cahandur Məhərrəmov “Naxçıvan Muxtar Respublikası Heydər Əliyev ideyalarının işığında sürətlə inkişaf edir” mövzularında məruzələr ilə çıxış ediblər.
Sonda məktəblilər Ulu Öndərə həsr olunmuş şeirləri bədii qiraət edib, YAP sıralarına yeni qəbul edilən bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.
X X X
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü YAP Ordubad Rayon Təşkilatında da qeyd edilib.
Bu münasibətlə keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev çıxış edərək bildirib ki, Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan bütün sahələrdə inkişaf və tərəqqi edib, xüsusilə sosial, iqtisadi, elmi-mədəni sahələrdə böyük nailiyyətlər əldə olunub.
“Ümummilli lider Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycanın dövlət müstəqilliyinin əsası qoyulub”, - deyən təşkilat sədri vurğulayıb ki, müstəqilliyini bərpa etmiş ölkəmiz bu qiymətli sərvətdən məhrum olmaq təhlükəsi ilə üz-üzə qalanda xalqımızın nüfuzlu ziyalıları respublikanı bu bəladan xilas edəcək şəxsiyyətin rəhbərliyi ilə yeni bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranması zərurəti ilə əlaqədar Ulu Öndərə üz tutdular. 1992-ci il noyabrın 5-də dahi rəhbər Heydər Əliyev partiyanın təşkilat komitəsinin, noyabrın 21-də isə Naxçıvan şəhərində keçirilən təsis konfransında yekdilliklə YAP-ın Sədri seçildi. 1993-cü ilin iyun ayında görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra ölkədə siyasi sabitlik və əmin-amanlıq yarandı, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu.
“Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət, quruculuq tədbirləri, respublikanın sosial-iqtisadi inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan bu gün regionda iqtisadi potensial baxımından lider ölkədir”, - deyən Qürbət Rzayev bildirib ki, Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ideyalarının sədaqətlə həyata keçirilməsi, muxtar respublika iqtisadiyyatının yüksələn xətlə inkişafı hamımızda qürur hissi doğurur və bütün bu nailiyyətlər Ulu Öndərin ideyalarının təntənəsi kimi qiymətləndirilir. Bunu dahi şəxsiyyətin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun timsalında da aydın görmək olar. Məhz görkəmli dövlət xadiminin ideyalarına sədaqətin ifadəsidir ki, bu kiçik rayon bu gün özünün ən gözəl çağlarını yaşayır. Başdan-başa müasirliyə qovuşmuş bölgədə hər il müxtəlif təyinatlı quruculuq tədbirləri həyata keçirilir. İnsanların məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılır. İqtisadiyyatın elmi əsaslarla inkişaf etdirilməsinə ciddi önəm verilir.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynlinin, YAP Ordubad Rayon Təşkilatı Qadınlar Şurasının sədri Könül İsmayılovanın, Gənclər Təşkilatının sədri Elvin Məmmədovun məruzə ətrafında çıxışları olub.
Sonda Ordubad şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.