CƏMİYYƏT
Ulyanovsk vilayətinin Azərbaycan diasporunun lideri qubernatorun müşaviri vəzifəsinə təyin edilib
![Ulyanovsk vilayətinin Azərbaycan diasporunun lideri qubernatorun müşaviri vəzifəsinə təyin edilib](/files/2022/1/1200x630/1643876101625828437_1200x630.jpg)
Moskva, 3 fevral, AZƏRTAC
Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin (URANKA) sədri İslam Hüseynov Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkixin ictimai əsaslarla müşaviri vəzifəsinə təyin edilib.
URANKA-dan AZƏRTAC verilən məlumata görə, regionun rəhbəri 2022-ci il yanvarın 31-də bu barədə sərəncam imzalayıb.
İslam Hüseynov özünün yeni təyinatını şərh edərək deyib: “Mənə göstərilən etimada görə Aleksey Yuryeviçə çox təşəkkür edirəm. Bu, bizim muxtariyyətin çoxillik işinə verilən yüksək qiymətdir. Qubernatorun komandasında olmaq böyük şərəf və çox böyük məsuliyyət deməkdir. Ulyanovsk vilayətinin qarşısında, o cümlədən millətlərarası sahədə çox mürəkkəb və maraqlı vəzifələr dayanır. Ümidvaram ki, mən də onların həllinə imkan daxilində töhfə verəcəyəm”.
Ulyanovsk vilayətinin Azərbaycan diaspor təşkilatına 2005-ci ildən rəhbərlik edən İslam Hüseynov Ulyanovsk vilayəti qubernatoru yanında Millətlər Şurasının üzvüdür. Onun rəhbərliyi ilə URANKA Ulyanovsk vilayətinin ərazisində müntəzəm olaraq mədəni, idman, xeyriyyə və təhsil layihələri təşkil edir və həyata keçirir. Mini-futbol və cüdo üzrə regionlarası “Xalqlar dostluğu kuboku” turnirləri və Müslüm Maqomayevin xatirə gecələri bu muxtariyyətin, necə deyərlər, vizit vərəqləridir.
Ulyanovsk Xalqlar dostluğu parkının ərazisində Azərbaycan Respublikasının ekspozisiyası bərpa edilib. İslam Hüseynovun təşəbbüsü və şəxsi dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılıb, onun adını daşıyan meydan salınıb. 2009-cu ildə bu memorial kompleksin açılışında iştirak etmək üçün Rusiya və Azərbaycan Respublikası prezidentləri bu şəhərə gəlib.
Ulyanovskdakı Heydər Əliyev adına 78 nömrəli orta məktəbin şagirdləri və pedaqoji kollektivi ilə URANKA fəalları arasında çox səmimi münasibətlər yaranıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İslam Hüseynov “Tərəqqi” medalı ilə təltif edilib. O, həm də Ulyanovsk vilayəti hökumətinin “Xalqlar dostluğu” medalına layiq görülüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva