Ümidləri gerçəkləşdirən balaca Ümid
Xırdalan, 18 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən beynəlxalq şahmat turnirində abşeronlu məktəbli Ümid Aslanov yarışın qalibləri sırasında yer alıb. O, Vətənə bürünc medalla qayıdıb.
Abşeron rayon İdman və Gənclər İdarəsinin rəisi Əsgər Əmirəliyev AZƏRTAC-a bildirib ki, turnirə 15 ölkədən 100-dək şahmatçı qatılıb. Yeddi oyuna çıxan 12 yaşlı Ümid bu qarşılaşmaların 5-də qələbə qazanıb. Bir oyunu heç-heçə başa vurub, birində isə məğlub olub.
Ümid 5 yaşından etibarən Azərbaycanda keçirilən turnirlərdə və çempionatlarda dəfələrlə birinci yer tutub. 2012-ci ildə - 6 yaşında qatıldığı ilk beynəlxalq turnirdən əliboş qayıtmayıb. O, Rumıniyada keçirilən dünya çempionatında yaşıdları arasında birinciliyi əldə etsə də, özündən bir yaş böyüklərə məğlub olub. Beləliklə, iştirak etdiyi ilk beynəlxalq yarışda 5-ci yerdə qərarlaşıb. Ümid Gürcüstan, Yunanıstan və Bolqarıstanda keçirilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək pillələrinə qalxmağı bacarıb. 2013-cü ildə Serbiyada 7 yaşlılar arasında qitə birinciliyində bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olub. Bu uğurunu 2014-cü ildə də təkrarlayıb.
Xırdalan şəhərində anadan olan Ümid Aslanov şahmat fiqurlarına əvvəlcə oyuncaq kimi baxsa da, sonradan bu böyük oyunun sirlərini öyrənməyə maraq göstərib. Ona bu işdə atası yaxından kömək olub.
Ümid hazırda Xırdalan şəhər Şahmat Mərkəzində dərslərini davam etdirir.