DÜNYA
Ümumdünya Ticarət Təşkilatı beynəlxalq ticarətin inkişaf proqnozunu aşağı salıb
Cenevrə, 2 aprel, AZƏRTAC
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) proqnozuna görə, bu il qlobal mal mübadiləsi çoxsaylı münaqişələr səbəbindən aşağı templə inkişaf edəcək. Beynəlxalq ticarətin inkişaf tempi 2,6 faiz həcmində olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı mənzil-qərargahı Cenevrə yerləşən beynəlxalq təşkilat yayıb.
2018-ci ildə beynəlxalq ticarət dövriyyəsi 3 faiz artmasını nəzərə alaraq ÜTT cari ildə inkişaf tempinin 3,6 faiz artacağını proqnozlaşdırırdı.
ÜTT-nin baş direktoru Roberto Azevedo bildirib ki, hazırkı münaqişələr və ticari əlaqələrdəki gərginliyə görə, inkişaf tempinin aşağı düşməsi təəccüblü sayılmamalıdır.
Hazırda dünyanın ən böyük xalq təsərrüfatlarına malik olan iki dövlət - Çin və ABŞ arasında davam edən ticarət münaqişəsi ümumdünya mal dövriyyəsi üçün əsas risk hesab edilir. Bir-birinə əlavə gömrük rüsum və cərimələri, ticari məhdudiyyətlər tətbiq edən iki ölkə arasındakı bu münaqişə səngiməzsə, o zaman bu il ərzində ümumdünya ticari dövriyyəsinin inkişafı 1,3 faizə də düşə bilər.
Təşkilatın açıqlamasına görə, əgər münaqişə tez bir zamanda nizamlanarsa, o zaman idxal-ixracın inkişaf tempi 4 faizədək yüksələ bilər.
Bildirilir ki, ötən il dünyada mal dövriyyəsinin həcmi 19,48 trilyon ABŞ dollarına bərabər olub və enerji daşıyıcılarının qiymətinin artması dövriyyəyə müsbət təsir göstərib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə