“Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ” mövzusunda konfrans təşkil edilib VİDEO
Bakı, 11 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə Ağdam rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ” mövzusunda konfrans keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, konfransda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Fövqəladə Hallar Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin məsul işçiləri, həmçinin FHN-in Qarabağ bölgəsində fəaliyyət göstərən qurumlarının əməkdaşları və Ağdam rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ağdam rayonunun Quzanlı qəsəbəsində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfrans Ağdam rayon Mədəniyyət evində dövlət himninin səslənməsi ilə başlayıb.
FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salıb, dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi 34 illik dövrdə gördüyü işlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu illər ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Dahi Rəhbərin adı ilə bağlıdır. Ermənilərin Dağlıq Qarabağa olan haqsız iddialarına və məkrli fəaliyyətlərinə qarşı mübarizə Ulu Öndərin həyatının əsas qayəsindən birini təşkil edib. Hələ sovet hakimiyyəti illərində erməni millətçilərinin Dağlıq Qarabağa olan iddialarının qarşısı tarixi şəxsiyyətin müdrik və uzaqgörən siyasəti sayəsində qətiyyətlə alınıb. Dağlıq Qarabağı Azərbaycana iqtisadi və mədəni cəhətdən bağlamaq üçün 1970-ci illərdə Bakı-Xankəndi dəmir yolu xətti, Azərbaycan Pedaqoji Universitetinin Xankəndi filialı və Vaqifin abidəsinin açılışı kimi bir çox uzaqgörən işlər həyata keçirilib. 1978-ci ildə ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarını sübut etmək üçün Xankəndidə ermənilərin Qarabağa gəlişinin 150 illiyini sübut edən abidənin qoyulması erməni iddialarına qarşı ən müdrik fəaliyyətlərdən biri idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasının qarşısını alıb.
Natiq bildirib ki, Ulu Öndər müstəqillik illərində də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışıb. O, çıxışının sonunda qeyd edib ki, göstərdiyi əvəzsiz xidmətlərə görə Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Ümummilli Liderin Azərbaycan naminə titanik siyasi fəaliyyətinə geniş nəzər salıb. Qeyd edib ki, bugünkü müstəqil və güclü Azərbaycan Ulu Öndərin şah əsəridir. Dünya şöhrətli siyasətçi Heydər Əliyev SSRİ rəhbərliyində - Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi müddətdə erməni şovinistlərinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında cəhdlərini qətiyyətlə dəf edib. Lakin keçmiş Sovet İttifaqında “yenidənqurma”nın müəllifi M.Qorbaçovun məkrli siyasəti nəticəsində Heydər Əliyev ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər və onların havadarlarının əl-qolu açılıb.
Natiq bildirib ki, dahi şəxsiyyət Azərbaycanın milli tarixi ilə sıx bağlı olub, öz taleyini Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyinə sərf edib. Azərbaycan xalqı daim ona inanıb. Məhz 1993-cü ildə Azərbaycan xalqının israrlı tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev həyata keçirdiyi müdrik siyasətlə xalqını bəlalardan qurtarıb, dövlətimizi davamlı və rəvan inkişafı yoluna çıxarıb. Bu gün onun müdrikcəsinə müəyyən etdiyi inkişaf yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxışlarında Azərbaycan xalqının böyük oğlunun dövlətçiliyimizin möhkəmləndirilməsi, Qarabağın milli-mədəni sərvətlərinin mühafizəsi ilə bağlı həyata keçirdiyi tarixi tədbirlərdən söz açıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün göstərdiyi əvəzsiz xidmətlərdən danışıb.
Sonra tədbir konsert proqramı ilə davam edib. Konsert proqramında Azərbaycanın gənc istedadlı musiqiçisi dirijor Cavad Tağızadənin və Xəzər Univerisitetinin professoru Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universiteti Kamera Orkestrinin Azərbaycan bəstəkarlarının əsərləri dinlənilib.