İDMAN
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 81-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ KİV KOMANDALARININ MİNİ FUTBOL TURNİRİ DAVAM EDİR
“Şərq” qəzetinin təşkilatçılığı və CCİC şirkətinin sponsorluğu ilə keçirilən turnirin eyniadlı komandaları, eləcə də AZƏRTAC-ın, Az.TV, ATV, “Space” teleşirkətinin, “Azərbaycan”, “525-ci qəzet”, “Futbol +”, “Olaylar”, “Ədalət”, “168 saat”, “Səhər-JFK” , “Çempion-Zaman” qəzetlərinin və “Səma” mətbuatyayımı firmasının komandaları iştirak edirlər.
Aprelin 25-də turnirin növbəti oyunu keçirilmişdir. “D” qrupunda mübarizə aparan “AZƏRTAC” CCİC komandası ilə qarşılaşmalı olsa da, rəqib komanda oyuna gəlmədiyinə görə ona texniki məğlubiyyət verilmişdir. “168 saat” isə “Səhər-JFK” üzərində qələbə qazanmışdır. Bu oyundan sonra hərəyə üç xal toplayan və qrupda birinci, ikinci yerləri bölüşdürən “AZƏRTAC” və “168 saat” komandaları aprelin 26-da üz-üzə gəlmişlər. Gərgin mübarizə şəraitində keçən görüşün ilk dəqiqəsində hücumçular - Ramil Hüseynovun və birinci hissəsinin başa çatmasına bir neçə dəqiqə qalmış Fuad Cəfərovun dəqiq zərbələri “AZƏRTAC”ı 2:0 irəliyə çıxarsa da, ikinci hissədə komanda öz qapısından iki top buraxaraq oyunu heç-heçə (2:2) başa çatdırmışdır. “Səhər-JFK” isə CCİC-ni 8:1 hesabı ilə məğlub etmişdir. Beləliklə, “D” qrupunda “AZƏRTAC” və “168 saat” komandaları hərəyə 4 xal toplayaraq birinci, ikinci yerləri bölüşdürürlər.
Digər qruplarda isə nəticələr belə olmuşdur: “525-ci qəzet”-“ATV”- 2:2, “Şərq” –“Səma MYF” - 3:0, “Space”- “Çempion-Zaman”- 2:3, AzTV-“Super Market” - 4:3.
Bütün qruplarda sonuncu görüşlər aprelin 28-də, 30-da və mayın 2-də keçiriləcək və yarımfinalçılar məlum olacaqdır.