ELM VƏ TƏHSİL
Ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanılmışdır
Bakı, 20 dekabr (AZƏRTAC). “Azərbaycanda ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanılmışdır. Hazırda Akkreditasiya Komissiyası tərəfindən Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin akkreditasiyası həyata keçirilir.
Bunu AZƏRTAC-a Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev demişdir. O bildirmişdir ki, məktəb-liseyin şagirdlərinin fənlər üzrə hazırlıq səviyyələri də yoxlanacaqdır. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən məktəbin 9-cu və 11-ci sinif şagirdləri üçün imtahan keçiriləcəkdir. Məktəb tərəfindən hazırlanan imtahan suallarından 60-ı seçiləcək və onlara cavab vermək üçün şagirdlərə bir saat vaxt veriləcəkdir. İmtahanın keçirilməsində məqsəd şagirdlərin əldə etdikləri biliklər üzrə yaddaşlarını yoxlamaqdır.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanov orta məktəblərin akkreditasiyasına başlanılması ilə əlaqədar əmr imzalamışdır. Orta məktəblərin akkreditasiyası ilkin olaraq 11 pilot məktəbi əhatə edəcəkdir. Həmin məktəblər Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Şirvan şəhər 16, Bakı şəhər 225 nömrəli tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Bakı şəhər 164, Mingəçevir şəhər 10, Ağdaş rayon 1, Lənkəran rayon 4 və 6, Şəki şəhər 3, Quba rayon 2 nömrəli tam orta məktəblərdir.
Xatırladaq ki, bir qədər əvvəl Təhsil Nazirliyində “Ümumtəhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” və “Ümumtəhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar” təsdiqlənmişdir.