ELM VƏ TƏHSİL
Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatmışdır
Bakı, 19 avqust (AZƏRTAC). 2013/2014-cü tədris ilində ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatmışdır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsinə görə 1597 nəfər müsahibə mərhələsinə buraxılmışdır. Avqustun 12-dən 16-dək keçirilmiş müsahibənin nəticəsinə əsasən 1245 müəllim işə qəbul olunmuşdur.
Avqustun 19-u saat 10:00-da müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə əlavə yerləşdirmə üçün ərizə qəbuluna başlanmışdır. Vakant yerlərin seçim prosesi avqustun 21-də saat 18:00-da başa çatdırılacaqdır.
Əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını toplamış, lakin işə qəbul olunmamış namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola, ixtisası üzrə ən çoxu 4 vakant yer seçə və seçimlərini təsdiqləyə bilərlər.
Əlavə yerləşdirmənin nəticələri haqqında müvafiq məlumat avqustun 21-i saat 19:00-da dərhal namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir. Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar üçün avqustun 23-də müsahibə keçiriləcəkdir.