UNEC-in tələbələri biliklərini təcrübədə uğurla tətbiq edirlər
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yuxarı kurs tələbələrinin ixtisas təcrübəsi uğurla davam edir.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, universitetin iqtisadiyyat ixtisası üzrə IV kursda təhsil alan 35 tələbəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində təcrübə keçir.
Təcrübə zamanı tələbələr əmək bazarının öyrənilməsi, monitorinqi prosesləri, o cümlədən sorğu anketlərinin hazırlanması və sorğuların keçirilməsi texnologiyaları ilə tanış olub, həmin proseslərdə yaxından iştirak ediblər. Tələbələr, həmçinin sosial müavinətlər sisteminin vəziyyəti, ünvanlı sosial yardım mexanizminin fəaliyyəti, özünüdəstək proqramının tətbiqi ilə bağlı yenilikləri öyrəniblər.
Hazırda tələbələr təcrübələrini mərkəzin kadr hazırlığı və ixtisasartırma kursunun təşkili ilə əmək şəraiti və əməyin mühafizəsi şöbələrində davam etdirirlər.
Tələbələrin təcrübə prosesinin gedişinə UNEC-in təyin etdiyi təcrübə rəhbərləri professor Natiq Qasımov, dosentlər Sevinc Bayramova, Həmid Zeynalov, İsmayıl İsmayılov və Rəşad Hüseynov nəzarət edirlər.
Müəssisə tərəfindən təyin edilən təcrübə rəhbərləri dosent Mətləb Mahmudov və Elxan Novruzov ixtisas təcrübəsi dövründə tələbələrin bilik və bacarıqlarını yüksək qiymətləndirərək onların tapşırıqları uğurla yerinə yetirdiklərini bildiriblər.