REGİONLAR
Unlu qənnadı məmulatlarının istehsalı ilə məşğul olan sahibkarlarla görüş olub
Bakı, 2 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Sumqayıt şəhərində unlu qənnadı məmulatlarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin, Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin və Abşeron KOB İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər.
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş tədbirdə sahibkarlar tərəfindən unlu qənnadı məmulatlarının keyfiyyətli daşınması və saxlanılması, maliyyə resurslarına çıxış, kadr potensialının gücləndirilməsi və digər məsələlər müzakirə olunub. Görüşdə sahibkarların təklifləri dinlənilib, müvafiq qurumlar tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlara qida məhsullarının daşınması zamanı temperatur rejiminə və digər müvafiq qaydalara əməl olunması, maliyyə resurslarına çıxışla bağlı Elektron Kredit Platformasından (www.e-edf.gov.az) istifadə, sahibkarlıq subyektlərinin əməkdaşlarının biznesyönümlü təlim və məsləhət xidmətləri üçün Abşeron KOB İnkişaf Mərkəzinə müraciət edə biləcəkləri və sair barədə məlumat verilib.