ELM VƏ TƏHSİL
Uşaqların internetdə qorunması üçün verilənlərin sanitarizasiyası üsulu təklif olunub
Bakı, 18 noyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və baş mütəxəssis, Sabirə Ocaqverdiyevanın həmmüəllifi olduqları “Dərin generativ rəqib şəbəkələrdən istifadə edərək uşaqların internetdə qorunması”) adlı məqalə beynəlxalq jurnalda (“International Journal of Computational Systems Engineering”) dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat işində uşaqların internet mühitində zərərli informasiyaya girişini idarə etmək üçün verilənlərin sanitarizasiyasını (təmizlənməsini) həyata keçirən Dərin Generativ Rəqib Şəbəkələr əsasında iki blokdan ibarət yanaşma təklif olunub. Yanaşmaya görə, generator blokunun tərkibindəki avtoenkoder, müəyyən küy əlavə etməklə uşaqlar üçün təhlükəli hesab edilən sensitiv atributların transformasiyasını, diskriminator blokunun tərkibindəki logistik reqressiya isə transformasiya olunmuş verilənlərin klassifikasiyasını həyata keçirir.
Qeyd edək ki, “International Journal of Computational Systems Engineering” nəşri “Google Scholar”, “Academic OneFile (Gale)”, “cnpLINKer (CNPIEC)”, “Info Trac (Gale)” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir.