İQTİSADİYYAT
Vergi öhdəliklərini yerinə yetirmək üçün rəqəmsal həllər daha effektivdir
Bakı, 31 avqust, AZƏRTAC
Dövlət Vergi Xidmətində rəqəmsal transformasiyanın əsas hədəflərindən biri də mövcud məlumatlar bazasının səmərəli və sürətli emalı sisteminin qurulması ilə çevik qərarların qəbul edilməsinə nail olmaqdır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, rəqəmsallaşmanın təkcə vergiödəyicilərinə göstərilən xidmətlərə deyil, eyni zamanda, təhlillərin və auditin aparılması, kameral yoxlamaların həyata keçirilməsi prosesində də tətbiqi, bu prosesin süni intellekt üzərində qurulan proqramlardan, müasir informasiya texnologiyalarından istifadə etməklə həyata keçirilməsi istiqamətində də işlər aparılır.
DVX tərəfindən vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi, o cümlədən xidmətlərin elektronlaşdırılmasının daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İnformasiya texnologiyaları sahəsində həyata keçirilən əməliyyatların səmərəliliyinin artırılması, vahid prinsip və standartların işlənib hazırlanması, DVX-nin strukturları arasında rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə olunması, bu sahədə təhlükəsizliyin və fasiləsiz iş fəaliyyətinin ən yüksək səviyyədə təmin edilməsi işinin təşkili məqsədilə Rəqəmsal Transformasiya Şurası fəaliyyət göstərir.