REGİONLAR
Vətən müharibəsi şəhidi Amal Alışanlının xatirəsi anılıb
Şirvan, 9 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Amal Alışanlının anım günündə xatirəsi anılıb. Şirvan şəhər Şəhidlər xiyabanında şəhidin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində ailəsi ilə bərabər Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, icra hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək şəhidin ailəsinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə valideynlərinə təşəkkür edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışılıb. Şanlı Zəfər tariximizi yazan, xalqımıza qalibiyyət sevincini yaşadan bütün əsgər və zabitlərimiz kimi Amalın da ömür yolunun gənclərə nümunə olduğu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağı diqqətə çatdırılıb.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, din xadimi Hacı Vasif çıxış edərək torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin unudulmayacağı, xatirələrinin hər zaman uca tutulacağını qeyd ediblər.
Şəhidin atası Seyfəddin Alışanov və anası Reyhanə xanım övladları ilə qürur duyduqlarını bildiriblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonra tədbir iştirakçıları tərəfindən şəhid məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, şəhid Alışanlı Amal Seyfəddin oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.