SİYASƏT
“WASHİNGTON TİMES”: ABŞ-IN UZUNMÜDDƏTLİ MARAQLARI AZƏRBAYCAN KİMİ SABİT VƏ MƏSULİYYƏTLİ LİDERLƏRİ OLAN ÖLKƏLƏRLƏ STRATEJİ MÜTTƏFİQLİYƏ DAXİL OLMAĞI TƏLƏB EDİR
ABŞ-ın nüfuzlu “Washington Times” qəzetinin 29 sentyabr tarixli nömrəsində Azərbaycana həsr edilmiş məqalə yer almışdır.
“Kaspian Enerji Konsaltinq”in prezidenti Söhrab Söbhaninin müəllifi olduğu yazıda ABŞ-ın növbəti seçiləcək Prezidenti Azərbaycan kimi strateji ölkə ilə yaxın əlaqələr qurmağa, Dağlıq Qarabağ münaqişəsinin həllini ABŞ diplomatiyasının prioritetinə çevirməyə çağırılır.
Müəllif qeyd edir ki, ABŞ siyasi iradə nümayiş etdirərək Ermənistanı danışıqlar masasına gətirib münaqişənin yekun həllinin tapılmasına yardım etməlidir. Vaşinqtonun Gürcüstana dəstəyi vacib olduğu təqdirdə, ABŞ-ın uzunmüddətli maraqları Azərbaycan kimi sabit və məsuliyyətli liderləri olan ölkələrlə strateji müttəfiqliyə daxil olmağı tələb edir.
Məqalədə bildirilir ki, rəsmi Vaşinqton Azərbaycanla münasibətləri daha geniş tərəfdaşlıq səviyyəsinə yüksəltməlidir. Birləşmiş Ştatlar Rusiyanın Gürcüstana müdaxiləsinin qarşısını almaq istədiyi bir dövrdə, Azərbaycan geosiyasi əhəmiyyəti artan bölgədə ən sabit dövlətdir və qonşuları ilə yüksək məsuliyyətlə davranır. Bu gün Azərbaycan inkişaf edən müstəqil dövlət olaraq, Sovet totalitar sisteminin qalıqlarından çıxaraq demokratiyaya keçir.
Müəllif vurğulayır ki, gənc müstəqil dövlətin yaşadığı çətinliklərə, üstəlik ABŞ Konqresinin qəbul etdiyi Azadlığa Dəstək Aktına 907-ci düzəlişə baxmayaraq, Azərbaycan ABŞ-ın etibarlı dostu və müttəfiqi kimi qalır. Bu tərəfdaşlıq 2001-ci il 11 sentyabr hadisələrindən sonra daha da möhkəmlənmişdir. ABŞ-la ümumi məqsəd və dəyərləri bölüşən Azərbaycan dövlətinin mərhum Prezidenti Heydər Əliyev terror aktlarından sonra ölkəsinin Birləşmiş Ştatlara tam dəstəyini ifadə etmişdir. Bu gün Azərbaycan terrorizmlə qlobal müharibədə ABŞ-la birlikdədir. Azərbaycan əsgərləri Əfqanıstan və İraqda xidmət edir, ABŞ hərbi təyyarələri Azərbaycanın hava və quru məkanından istifadə edə bilirlər. Xəzər hövzəsinin neft və qaz ehtiyatlarının davamlı işlənilməsi və beynəlxalq bazarlara nəqli Bakı ilə Vaşinqtonun daha bir ortaq məqsədidir. Bakı-Tbilisi-Ceyhan kəməri enerji daşıyıcılarının nəqlini şaxələndirir. Azərbaycanın bölgənin əsas nəqliyyat dəhlizinə çevrilməsi bu ölkənin strateji əhəmiyyətini daha da artırır.
Məqalədə Azərbaycanda hökm sürən tolerantlıq xüsusi qeyd olunur.