İQTİSADİYYAT
Xaçmaz rayonunun Maşaoba və Çuxuroba kəndlərinə ilk dəfə təbii qaz verilmişdir
Xaçmaz, 5 fevral (AZƏRTAC). “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Xaçmazda əhalinin təbii qazla təchizatı sahəsində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, fevralın 5-də rayonun Maşaoba və Çuxuroba kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir.
Maşaoba kəndində keçirilmiş mərasimdə kəndlərin sakinləri, rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış etmiş Milli Məclisin deputatı İlham Əliyev, rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, prezident administrasiyasının məsul işçisi Arif Novruzov qaz çəkilişi münasibətilə sakinləri təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışlar.
Qeyd olunmuşdur ki, Maşaoba və Çuxuroba kəndlərinin sakinləri ilk dəfə təbii qazdan istifadə etmək imkanı qazanmışlar. Kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 4 min metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, sayğaclar və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Bildirilmişdir ki, rayonun 151 yaşayış məntəqəsindən 54-də 25 mindən artıq abonent təbii qazdan istifadə edir. Hazırda rayonun daha 7 yaşayış məntəqəsində qazlaşdırma işləri davam etdirilir.
Çıxışlardan sonra təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Yerli sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.