CƏMİYYƏT
Xaçmazda səhiyyə və mədəniyyət sahəsində çalışanların 32 faizini qadınlar təşkil edir
Xaçmaz, 16 aprel (AZƏRTAC). Xaçmazda rayon qadınlarının konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda rayon qadınlar şurasının sədri Yaqut Məsimova və başqaları çıxış edərək xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və inkişafında Azərbaycan qadınlarının müstəsna rolunu vurğulamış, onların rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak etdiklərini diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, Xaçmazda səhiyyə və mədəniyyət sahəsində çalışanların 32 faizini qadınlar təşkil edir. Ötən il rayonda tələbə adını qazanan abituriyentlərdən 72-si qızlardır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Azərbaycanda qadın siyasətinin prioritet təşkil etməsi, gender məsələlərinin beynəlxalq prinsip və normalar əsasında həlli istiqamətində əsaslı addımlar atılması və digər aktual məsələlərə toxunmuşdur. O, həmçinin qadınlarımızın müstəqilliyimizin möhkəmləndirilməsində, demokratik dövlət quruculuğunda, ölkənin bütün sahələrinin yüksəlişində böyük xidmətlərinin olduğunu diqqətə çatdırmışdır.
Dövlət Komitəsinin sədr müavin təklif etmişdir ki, rayonlarda gənc ailələr və qızlar üçün xüsusi kurslar təşkil edilsin və bu kurslarda ağbirçək və ağsaqqalların tövsiyələri dinlənilsin, onların həyat təcrübəsi öyrənilsin.
Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.