REGİONLAR
Xaçmazlı oxucularla informasiyalı cəmiyyətdə mütaliə problemləri müzakirə edilib
Xaçmaz, 3 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayon Mərkəzi Kitabxanasında informasiyalı cəmiyyətdə mütaliə problemləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, “Müasir gənclər və mütaliə” mövzusunda təşkil olunan oxucu konfransı Gənclər Günü münasibətilə keçirilib.
Tədbir çərçivəsində oxucular “Gənclik böyük qüvvədir”, “Azərbaycanın milli qəhrəmanları” mövzularında kitab sərgiləri və yeni ədəbiyyatlarla tanış olmaq imkanı da qazanıblar. Sərgidə, ümumilikdə, 170 nüsxədən çox ədəbiyyat nümayiş olunub.
Xaçmaz Mərkəzi Kitabxana Sisteminin direktoru Azad Əlifxanov bildirib ki, konfransın əsas məqsədi müasir informasiya bolluğu dövründə kitaba, mütaliəyə marağın artırılmasıdır. Tədbirdə kitabxanaların işinin yeni dövrün tələbləri səviyyəsində qurulması kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
“Xaçmaz” qəzetinin müxbiri Ələsgər Babayev rayonda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri Fərzalı Ziyanur, Təhsil Şöbəsinin metodisti İmran Müseyibov, Gənclər Kitabxanasının müdiri Xanım Arzumanova çıxış edərək gənclərin mütaliəyə, kitaba münasibətindən danışıblar.
Çıxışlardan sonra konfransda oxucular arasında fikir mübadiləsi və sorğu keçirilib.