Xalq Artisti Əli Zeynalovun 100 illik yubileyi qeyd edilmişdir
Bakı, 16 aprel (AZƏRTAC). Aprelin 16-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq Artisti, Dövlət Mükafatı laureatı Əli Zeynalovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində görkəmli sənətkarın yaradıcılığından bəhs edən fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.
Xalq Artisti Nurəddin Mehdixanlı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vidadi Qafarov, Əməkdar İncəsənət Xadimi, professor Aydın Dadaşov, Xalq Artisti, Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Amaliya Pənahova görkəmli aktyor Əli Zeynalovun həyat və səhnə yolundan, onun milli teatr sənətimizə verdiyi töhfələrdən danışmışlar.
Bildirilmişdir ki, Əli Zeynalov öz yaradıcılığı ilə Azərbaycan teatr tarixinə parlaq səhifələr yazmışdır. Bu gün onun sənət yolunun elmi cəhətdən araşdırılmasına ehtiyac duyulur və gələcəkdə belə böyük sənətkarlarımızın fəaliyyətinin tədqiqi milli teatrşünaslığımıza böyük töhfələr verəcəkdir. Vurğulanmışdır ki, təkcə rejissor Tofiq Kazımovun İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri əsasında çəkdiyi eyniadlı tamaşada Həsənzadə və Nargilə obrazlarına görə Əli Zeynalov və Amaliya Pənahovanın adları milli teatr tariximizdə qalmış olardı.
Əli Yusif oğlu Zeynalov 1913-cü il aprel ayının 4-də Salyanda müəllim ailəsində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunda, sonra isə M.F. Axundzadə adına Bakı Teatr Məktəbində təhsil almışdır. Az müddətdə Nuxa (indiki Şəki) Dövlət Dram Teatrında aktyor işləmişdir. Bakı teatr mühitində müəyyən təcrübə toplamış Əli Zeynalov on bir il İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyorluq etmişdir. Otuz il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmışdır. Zəngin sənət yolu keçmiş aktyor teatrdan fəxri təqaüdə çıxandan sonra televiziyanın bədii proqramlarında çıxışlar etmiş, silsilə qiraət verilişləri hazırlamışdır.
O, Cəfər Cabbarlının “1905-ci ildə”, “Aydın”, “Oqtay Eloğlu” dram tamaşalarında Baxşı, Aydın, Oqtay, Şekspirin “Otello” və “Hamlet” faciələrində Otello, Klavdi, Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” pyesinin tamaşasında Neznamov və digər rollar oynamışdır. Həmçinin Azərbaycan kinosunda yaddaqalan rollar ifa etmişdir.
Şekspirin “Antoni və Kleopatra” faciəsinə rejissor Tofiq Kazımovun verdiyi quruluşda Antonio rolunu yüksək ustalıqla ifa etdiyinə görə Əli Zeynalov Respublika Dövlət Mükafatı laureatı olmuşdur.
Əli Zeynalov 1988-ci il yanvar ayının 4-də vəfat etmişdir.
Tədbirdə Xalq Artisti Əli Zeynalovun çəkildiyi teatr və filmlərdən fraqmentlər nümayiş olunmuşdur.
Tədbir musiqili proqramla davam etmişdir.