MƏDƏNİYYƏT
Xalq Rəssamının fərdi yaradıcılıq sərgisi açılacaqdır
Bakı, 23 oktyabr (AZƏRTAC). Oktyabrın 28-də Milli Azərbaycan Dövlət İncəsənət Muzeyinin (MADİM) Niyazi küçəsi, 11 ünvanında yerləşən binasında Mədəniyyət və Turizm Nazirliyinin, MADİM-in və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüşü ilə görkəmli fırça ustası, Xalq Rəssamı, qrafika və rəngkarlıqla yanaşı, monumental bədii tərtibat sahəsində də tanınmış sənətkar Altay Hacıyevin fərdi yaradıcılıq sərgisi açılacaqdır.
MADİM-dən AZƏRTAC-a bildirmişlər ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyindən, Azərbaycan Dövlət Rəsm Qalereyasından, Dövlət İstiqlal Muzeyindən və şəxsi kolleksiyalardan toplanan əsərlər nümayiş olunacaqdır.
Yaradıcılıq sərgisində Altay Hacıyevin fırçasının məhsulu olan, şücaət və ağıllı siyasəti ilə Azərbaycan tarixində iz qoymuş xalqımızın görkəmli qadın şəxsiyyətlərindən Sara Xatunun, Ağa Bəyim Ağanın, Qonça Bəyimin, rəssamın əsas qəhramanı Xurşid Banu Natəvanın və digərlərinin boyakarlıq portretləri, neft mövzusuna dair tabloları, həmçinin kitab və dəzgah qrafikasında işlədiyi əsərlər təqdim ediləcəkdir.
Sərgi noyabrın 1-dək davam edəcəkdir.