ELM VƏ TƏHSİL
XALQ ŞAİRİ İLƏ GÖRÜŞ UNUDULMAZ TƏƏSSÜRAT YARATMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim və tələbələrin Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca ilə görüşü keçirilmişdir.
Universitetin prorektoru, professor Vilayət Əliyev demişdir ki, belə tədbirlər tələbələrin asudə vaxtının təşkilində, onların elmi-ədəbi biliklərinin artırılmasında və bədii-estetik zövqünün formalaşmasında müsbət amilə çevrilmişdir.
Şairlər Zahid Xəlil, Oktay Rza və başqaları Fikrət Qocanın həyat və yaradıcılığı barədə ətraflı məlumat vermiş, əsərlərinin bədii xüsusiyyətlərindən, şairin yaradıcılığından danışmışlar.
Ədəbiyyatımızın keçmişi, bu günü, gələcəyi haqqında düşüncələrini görüş iştirakçıları ilə bölüşən şair müstəqil dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə tələbə gəncləri elmin, mədəniyyətin əsaslarına yiyələnməyə, cəmiyyətdə fəal vətəndaşlıq mövqeyi tutmağa çağırmış, ona ünvanlanmış sualları cavablandırmış, şeirlərini oxumuşdur.
Sonra tələbələr şairin şeirlərindən parçalar söyləmişlər.