XALQIN YADDAŞINDA ƏBƏDİLƏŞƏN AŞIQ ƏLƏSGƏR
AZƏRTAC xəbər verir ki, aprelin 15-də “Meridian” restoranında - açıq havada Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə türk dünyasının böyük saz və söz ustası Aşıq Ələsgərin xatirəsinə həsr olunmuş ənənəvi “Aşıq Ələsgər günləri: saz və söz bayramı” keçirilmişdir.
Tədbirdə Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov, institutun əməkdaşı, aşığın nəvəsi İslam Ələsgərov və başqaları çıxış edərək Aşıq Ələsgər yaradıcılığının bədii qüdrətindən, ölməzliyindən danışmışlar. Bildirilmişdir ki, dərin mənalı qoşmaları, təcnisləri, gəraylıları ilə bədii zövqün yüksək səviyyədə tərənnümçüsü olan Aşıq Ələsgər yaradıcılığı Azərbaycan aşıq sənətinin mənəvi xəzinəsinə daxil olmuşdur.
Qeyd olunmuşdur ki, son illər Folklor İnstitutu tərəfindən Aşıq Ələsgər yaradıcılığının tədqiqi ilə bağlı əsərlər işıq üzü görmüş və bu istiqamətdə araşdırmaların bundan sonra da davam etdirilməsi nəzərdə tutulmuşdur.
Bildirilmişdir ki, düşmən tapdağında qalan dədə-baba torpağımız Göyçə və digər qədim yaşayış məskənlərimizdə Aşıq Alı, Aşıq Ələsgər, Aşıq İman, Aşıq Nəcəf, Aşıq Şəmşir kimi müqəddəslərimizin ruhları nigaran gəzib-dolaşsa da, torpaqlarımız azad edilən gün onların da ruhları şad olacaqdır.
İrandan gəlmiş aşıqlar - Ayət Qəmbəri, Abbas Məhəmmədi, Bəhmən Qurbanzadə, Məhəmməd Misrovlu və Cəlil Həmidinin çıxışları, oxuduqları qədim el havaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Tədbirdə aşıqlardan Əli Quliyev, Oqtay Hüseynov, Mahmud, Solmaz, Altay və başqaları Aşıq Ələsgərin qoşmalarını ifa etmişlər.
“Aşıq Ələsgər günləri: saz və söz bayramı”nda Folklor İnstitutunun “İrs” folklor ansamblı maraqlı proqramla çıxış etmiş, incəsənət ustaları Aşıq Ələsgərin sözlərinə yazılmış bəstəkar mahnılarını ifa etmişlər.