REGİONLAR
Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara rayon sakini saxlanılıb
![Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara rayon sakini saxlanılıb](/files/2022/1/1200x630/16456192711073423653_1200x630.jpg)
Astara, 23 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Astara rayon sakinindən 28 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə, əlavə olaraq narkotik tərkibli həblər aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Teymur Əliyev sərnişin qismində olduğu taksi fəaliyyəti göstərən avtomobildə saxlanılıb.
Həmin avtomobilin yük yerindən T.Əliyevə məxsus 11 kiloqram 530 qram heroin, 2 kiloqram 460 qram tiryək, 10 kiloqram 545 qram qurudulmuş marixuana, 4 kiloqram 220 qram metamfetamin və 4560 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, T.Əliyev narkotik vasitə və psixotrop maddəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə edib və onun dediyi yerlərə çatdırılmasını təmin etməli imiş.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalar aparılır.