SİYASƏT
Xarici İşlər Nazirliyində Azərbaycan-Çexiya münasibətləri müzakirə edilmişdir
Bakı, 16 aprel (AZƏRTAC). Aprelin 16-da xarici işlər naziri Elmar Məmmədyarov Çexiya Respublikası Deputatlar Palatasının sədri Yan Xamaçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə bütün sahələrdə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilmişdir. Yan Xamaçek bildirmişdir ki, “görüşlər zamanı Azərbaycanla Çexiya arasında strateji münasibətlərin yüksək səviyyədə olmasından razılıq hissi ifadə edilmişdir”.
Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqin sözləri barədə Çexiyanın mövqeyinə dair jurnalistlərin sualına cavab verərkən Yan Xamaçek demişdir ki, Çexiya bu münaqişənin aktuallığını gözəl başa düşür və belə hesab edir ki, indiki status-kvo qeyri-məqbuldur, münaqişə dinc yolla, erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması haqqında BMT qətnamələrini nəzərə almaqla həll edilməlidir. Yan Xamaçek həmçinin qeyd etmişdir ki, Xocalı soyqırımı barədə Karel Şvartsenberqin sözləri onu təəccübləndirmişdir və o, nazirin fikri ilə razı deyildir.