SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyunun 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının BMT nəzdində daimi nümayəndəliyində Azərbaycan Respublikası ilə Beliz arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə rəsmi məlumatın imzalanma mərasimi keçirilmişdir. Sənədi Azərbaycan hökuməti adından Azərbaycan Respublikasının BMT nəzdində daimi nümayəndəsi Yaşar Əliyev və Belizin BMT nəzdində daimi nümayəndəsi cənab Stüard Lesli imzalamışlar.
X X X
İyunun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev NATO baş katibinin siyasi məsələlər üzrə müavini Günter Altenburqu qəbul etmişdir.
Nazir Vilayət Quliyev Azərbaycanın Şimali Atlantika İttifaqı ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində bütün istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini vurğulamışdır.
Vilayət Quliyev bu il iyunun 27-28-də Bakıda Avroatlantik Əməkdaşlıq Şurası çərçivəsində keçirilmiş “Cənubi Qafqazda regional əməkdaşlığa təhdidlər” mövzusunda seminarı regionda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində görülən işlərin müsbət addımı kimi dəyərləndirmişdir.
Cənab Günter Altenburq Şimali Atlantika İttifaqının müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verdiyini vurğulamış və ayrı-ayrı sahələr üzrə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd etmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.
X x x
Həmin gün nazir Vilayət Quliyev İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfiri Ştefan Speki qəbul etmişdir.
Vilayət Quliyev səfiri yeni təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və İsveçrə arasındakı münasibətlərin genişlənməsinə mühüm əhəmiyyət verdiyini vurğulamışdır. Nazir, əmin olduğunu bildirmişdir ki, səfirin ikitərəfli əlaqələrin inkişafı üçün diplomatik xidmət sahəsindəki böyük təcrübəsindən fəal istifadə edəcəkdir.
Səfirin xahişi ilə nazir, Azərbaycandakı ictimai-siyasi vəziyyət, həyata keçirilən demokratik islahatlar, insan hüquqlarının müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.
Cənab Ştefan Spek diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün imkanlarını əsirgəməyəcəyini vurğulamış, beynəlxalq birliyin birgə səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirmişdir.
Görüşün sonunda səfir öz etimadnaməsinin surətini nazir Vilayət Quliyevə təqdim etmişdir.