XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyulun 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Azərbaycanda səfərdə olan İtaliya xarici işlər nazirinin müavini xanım Marqarita Boniverin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Vilayət Quliyev qonaqları səmimiyyətlə salamlayaraq, bu səfərin Azərbaycanla İtaliya arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün faydalı olacağını bildirmiş, ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi və əməkdaşlığın bir çox sahələrdə inkişaf etdirilməsində hər iki ölkənin geniş potensiala və böyük imkanlara malik olduğunu vurğulamışdır.
Daha sonra ölkəmizin xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev Roma papası II İoann Pavelin Azərbaycana rəsmi səfərinin əhəmiyyətinin önə çəkərək, bu səfərin İtaliya ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin 10 illiyinə təsadüf etdiyini yüksək dəyərləndirmişdir. Sonra Vilayət Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlər və ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri barədə də qonaqlara ətraflı məlumat vermişdir.
İtaliya xarici işlər nazirinin müavini xanım Marqarita Boniver İtaliya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin və işgüzar əlaqələrin genişlənməsinə mühüm əhəmiyyət verdiyini vurğulayaraq, iqtisadi sahədə əməkdaşlığın daha intensiv inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirmişdir. Xanım M.Boniver Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişənin beynəlxalq birliyin səyləri nəticəsində tezliklə sülh yolu ilə həll edilməsinə ümid etdiyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.
XARİCİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
İyulun 12-də Brüsseldə Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin hüquqi əsasını yaradan və tənzimləyən siyasi, hüquqi, iqtisadi və digər sahələri əhatə edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsinin (ƏK) növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasını bu danışıqlarda xarici işlər nazirinin müavini A.Əzimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.
İclasın gedişi zamanı TƏS-in yerinə yetirilməsi məsələsi müzakirə edilmiş, sazişin həyata keçirilməsinin növbəti mərhələsinin 2002-ci il sentyabrın sonunda xarici işlər nazirləri səviyyəsində keçirilən Əməkdaşlıq Şurasında (ƏŞ) nəzərdən keçirilməsi qərara alınmışdır. TƏS-in yerinə yetirilməsinin Azərbaycanda aparılan siyasi və iqtisadi islahatlar baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirməklə yanaşı, Aİ onu da qeyd etmişdir ki, bu sazişin həyata keçirilməsi Azərbaycanın Avropa strukturlarına daha da inteqrasiya etməsi üçün yeni yollar açacaqdır.
TASİS və digər proqramlar çərçivəsində Azərbaycana göstərilən yardımlar müzakirə edilərkən həyata keçirilən layihələrin davamlılığının təmin edilməsini əhəmiyyəti qeyd edilmiş və Aİ yardımının gələcəkdə Azərbaycanın bütövlüyü və inkişafının təmin edilməsinə yönəldiləcəyi vurğulanmışdır.
İclasda hazırda beynəlxalq səhnədə aktual olan terrorizm qeyri-qanuni miqrasiya, insan və narkotik maddələrin alverinə qarşı mübarizə və sərhədlərin mühafizəsi kimi sahələrdə Aİ və Azərbaycan arasında əməkdaşlığa dair ilkin razılıq əldə edilmişdir.
Aİ qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın və bütün regionun siyasi və iqtisadi inkişafına və təhlükəsizliyinə güclü mənfi təsir göstərir. Avropa İttifaqı regionda fəal rol oynamaq niyyətini bir daha təsdiq edərək bildirmişdir ki, o, regionda münaqişələrin qarşısının alınması və həll edilməsi istiqamətində öz dəstəyinin verilməsi üçün yeni yollar arayacaq və münaqişədən sonrakı reablitasiya-prosesində iştirak edəcəkdir. İclasın Yekun Sənədində daha sonra aşağıdakılar bəyan edilmişdir:
“Aİ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə tam hörmət edilməsi əsasında sülh yolu ilə çözülməsinin əhəmiyyətini vurğulayır”;
Hər iki tərəf onunla razılaşdığını bildirmişdir ki, de-fakto yaranmış reallıqlar münaqişənin həlli üçün əsas ola bilməz və nə Azərbaycanın işğal olunmuş ərazilərindəki indiki vəziyyət, nə də bu vəziyyəti qoruyub saxlamaq istiqamətində həyata keçirilən hər hansı fəaliyyət qanuni sayıla bilməz;
“Aİ erməni silahlı qüvvələrinin işğal edilmiş Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından çəkilməsi və bununla sözügedən rayonların reablitasiyası, eyni zamanda Bakı-Naxçıvan-İrəvan dəmir yolunun bərpası üçün şərait yaradılması barədə Azərbaycan tərəfinin təklifini alqışlamış və münaqişənin həlli və əməkdaşlığın bərpası istiqamətində yeganə mümkün tədbirlər paketi olan bu təklifdən yaranmış vəziyyətdən çıxış üçün istifadə edilməsinə çağırmışdır”.