CƏMİYYƏT
Xətai rayonunda polis əməkdaşlarına qarşı zor tətbiq edilməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 9-da paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir polis nəfərinə xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat verilib.
Xətai Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, araşdırmalarla həmin gün saat 02 radələrində Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün xidmətdə olan əməkdaşları - Vüsal Məmmədov, Kənan Qurbanlı, Elvin Tağıyev, Nihad Əliyev Xətai rayonu ərazisində bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri - Elşad Əsədovun polis əməkdaşlarını bıçaqla hədələməsinə, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.