CƏMİYYƏT
Xəzər Universitetində xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər üçün istedad festivalı keçirilmişdir
Bakı, 27 dekabr (AZƏRTAC). Xəzər Universitetində xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər üçün istedad festivalı keçirilmişdir. Tədbir Böyük Britaniyanın “Azərbaycana Birgə Yardım” (UAFA) qeyri-hökumət xeyriyyə təşkilatı və IREX təşkilatı, həmçinin xaricdə təhsil alan məzunlar tərəfindən təşkil olunmuşdur.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, “Şansım var” (I have a chance) layihəsi çərçivəsində keçirilən festivalda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər rəsm, mahnı, şeir nümunələri vasitəsilə istedadlarını nümayiş etdirmişlər.
Mədəniyyət adamlarının iştirak etdikləri festivalın açılış mərasimində Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov tədbir barədə məlumat vermişdir.
Sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar gözəl rəqs nümunələri, şeirləri, nəğmələri ilə tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Universitetin iqtisadiyyat və menecment fakültəsinin tələbələri də sehrli nömrələr nümayiş etdirmişlər.
UAFA-nın nümayəndəsi Ülviyyə Mirzəyeva bildirmişdir ki, festivalda iştirak edən bu uşaqlar artıq üçüncü ildir təşkilatın müxtəlif dərnəklərinin üzvləridirlər. Bu dərnəklər vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqları aşkar olunaraq inkişaf etdirilir. Dərnəklər, eyni zamanda, əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı, cəmiyyətdə əlilliyə münasibəti də dəyişir.
Tədbirin sonunda Ü.Mirzəyeva tədbirin təşkilatçılarına və iştirakçılarına festivalın sertifikatlarını təqdim etmişdir.