ELM VƏ TƏHSİL
Xəzər Universitetinin nəzdində Hüquq Tədris Mərkəzi açılmışdır
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da Xəzər Universitetinin nəzdində Hüquq Tədris Mərkəzinin açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) sədri, Milli Məclisin deputatı Əli Hüseynli mərkəzin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əldə olunmuş razılaşmaya əsasən, AHK-in təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Hüquqları Konsorsiumu” layihəsi çərçivəsində yaradıldığını bildirmişdir. Hüquqşünas tələbələr və gənc hüquqşünasların bacarıqlarını inkişaf etdirmək məqsədi ilə yaradılmış mərkəzdə cari ildə hüquqşünas tələbələr və vəkil olmaq istəyən gənc hüquqşünaslara təlim kursu təşkil ediləcəkdir. Layihə çərçivəsində mart ayından başlamış ilk təlim kursu iyunun sonunadək davam edəcəkdir.
Tədbirdə “USAİD-Azərbaycan”ın demokratiya və idarəçilik ofisinin direktoru Ronald Qlas bildirmişdir ki, hər bir ölkədə insan hüquqlarını müdafiə edən şəxs olmaq o qədər də asan iş deyildir. Hüquqşünas dərk etməlidir ki, onlar şəxsi maraqları yox, hüququn aliliyini müdafiə etməlidirlər. Mən bu sahədə hər birinizə uğurlar arzulayıram.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı demişdir ki, mərkəzin açılması mühüm bir addımdır. Universitetdə diplom almaqla yaxşı mütəxəssis olmaq mümkün deyildir. Bunun üçün təcrübə qazanmaq olduqca vacibdir.