MƏDƏNİYYƏT
Xızıda Xalq Şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasının audio formatında hazırlanmış variantının təqdimatı olmuşdur
Xızı, 6 aprel (AZƏRTAC). Xızıdakı Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan 90 illik yubileyi münasibətilə Xalq Şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasının audio formatında hazırlanmış variantının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə keçirilən mərasimdə bildirilmişdir ki, poemanın audio formatında variantı “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə müasir və klassik ədəbi nümunələrlə bağlı gerçəkləşdirdiyi layihə çərçivəsində hazırlanmışdır.
Layihənin rəhbəri Gəray Əlibəyov bildirmişdir ki, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində görmə qabiliyyətini itirmiş, yaxud da gözləri zəifləmiş insanlar üçün müasir və klassik ədəbiyyat nümunələri audio formatda buraxılır. Müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə əsərlərin audio halında yayılması olduqca vacibdir.
G.Əlibəyov buraxılan disklərin ölkəmizin bütün bölgələrində, şəhər kitabxanalarında, oxu zallarında və mədəniyyət ocaqlarında insanların ixtiyarına veriləcəyini vurğulamışdır.
Bildirilmişdir ki, bu diskləri əldə edən hər kəs gəzinti, yaxud da ictimai nəqliyyatdan istifadə zamanı yeni əsərlərlə tanış olmaq imkanı qazanacaqlar.
Tədbirdə Xalq Şairi Zəlimxan Yaqubun yaradıcılığından söhbət açılmış, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Əbədiyyət dastanı” poeması haqqında ətraflı məlumat verilmişdir.
Təqdimatda qeyd olunmuşdur ki, disklərdəki materiallar tanınmış aktyor heyəti tərəfindən səsləndirilmişdir.