QAN YADDAŞI
XOCALI SOYQIRIMININ 15-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ XOCALI QAÇQINLARININ BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATINA, AVROPA ŞURASINA, AVROPADA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ TƏŞKİLATINA MÜRACİƏTİ
Biz - 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş dəhşətli Xocalı soyqırımının möcüzə nəticəsində sağ qalmış şahidləri Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, eyni zamanda, dünyanın bütün mütərəqqi ictimaiyyətinə böyük ümidlərlə növbəti dəfə müraciət edir, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi zərurətini bir daha sivilizasiyalı beynəlxalq aləmin nəzərinə çatdırırıq.
İrandan Azərbaycana köçmələrinin 150 illiyinə Dağlıq Qarabağda 1978-ci ildə abidə ucaltmış ermənilər tarixi Azərbaycan torpaqları hesabına xəyali “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədi ilə son iki əsrdə xarici havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş və bu məkrli məqsədə çatmaq üçün zaman-zaman terror, kütləvi qırğın, deportasiya və soyqırımı kimi bəşəri cinayətlər törətmişlər.
Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz tarixi-etnik ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan milyonlarla azərbaycanlı dədə-baba torpaqlarından deportasiya olunmuş, kütləvi surətdə qətlə yetirilmişdir.
Nəhayət, 1988-ci ildən başlayaraq, Azərbaycana qarşı əsassız ərazi iddiaları və erməni separatizmi yenidən baş qaldırmış, heç bir tarixi, siyasi, etnik əsası olmayan Dağlıq Qarabağ fitnəkarlığına rəvac verilmişdir. İndiki Ermənistan ərazisində öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı 1988-1989-cu illərdə son nəfərinə kimi deportasiya edilmiş, bu zaman yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə Ermənistan ermənilərin illərlə arzusunda olduqları monoetnik respublikaya çevrilmişdir.
Təəssüf ki, 1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində meydan sulayan erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları keçmiş SSRİ rəhbərliyinin və sivilizasiyalı dunyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər Azərbaycanda bir-birinin ardınca qanlı cinayətlər törətməyə müvəffəq oldular. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ inzibati-ərazi bölgəsinə daxil olmayan 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, 1 milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə ictimai-mədəni tikili, evlər, təhsil və səhiyyə müəssisələri, tarix-mədəniyyət abidələri, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək, misli görünməmiş erməni vandalizminə məruz qaldı.
Təkcə XX əsrin 90-cı illərinin əvvəllərində Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və s. kimi azərbaycanlılar yaşayan kəndlərində erməni silahlı quldurlarının törətdikləri kütləvi qırğınlar, Bakıda və digər şəhərlərimizdə həyata keçirilmiş ağır terror aksiyaları, nəhayət, Xocalı soyqırımı “məzlum və əzabkeş erməni” vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.
Acı təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, XX əsrin ən dəhşətli faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına 26 fevral 1992-ci ildə törədilmiş Xocalı soyqırımı da əlavə olunmuşdur.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalisi olan Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki, erməni silahlı birləşmələri tərəfindən tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çoxlu sayda xəstə, yaralı, qoca, qadın və uşaq var idi.
Azğınlaşmış erməni quldurları 366-cı alaya məxsus çoxsaylı ağır hərbi texnikanın köməyi ilə həmin gecə Xocalı şəhərini yerlə-yeksan etdilər. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyadan məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində Xocalının xeyli sakini sanki tarixə şahidlik etmək üçün sağ qaldı.
Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir. Faciə nəticəsində 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlanlar və qızlardır.
Bu hərbi-siyasi cinayət nəticəsində 6 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.
Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara deyil, bütün sivilizasiyalı bəşəriyyətə qarşı yönəlmiş bu tarixi cinayətin müəllifi “məzlum və əzabkeş” ermənilərdir.
Artıq 15 ildir ki, qaçqınlıq həyatı yaşayan biz xocalılılar dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara ürək ağrısı ilə, eyni zamanda, böyük ümidlərlə müraciət edirik. Biz inanmırıq ki, dünyanın çox nüfuzlu beynəlxalq təşkilatları olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr beynəlxalq hüquqa və bəşəri dəyərlərə məhəl qoymayan təcavüzkar bir dövləti - Ermənistanı haqq-ədalətə, qonşu dövlətlərlə sivilizasiyalı münasibətlərə məcbur edə bilməsinlər!
İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin indiyədək yerinə yetirilməməsi, ilk növbədə, həmin təşkilatın nüfuzuna ciddi zərbədir.
Biz əmin olduğumuzu bildiririk ki, dünya birliyi Ermənistan dövlətinin Azərbaycana qarşı hərbi təcavüzünü pisləyəcək, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, bir milyondan artıq qaçqın-köçkünün öz doğma yurd-yuvasına qayıtmasına, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə kömək edəcəkdir.
Müraciət 2007-ci il fevralın 19-da
Xocalı qaçqınlarının Bakı şəhərində
keçirilən toplantısında qəbul olunmuşdur.