MƏDƏNİYYƏT
Xoş xatirələr və yüksək təəssüratlarla
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları rayonda təntənəli mərasimlə qarşılandı.
Qrupun rəhbəri Sadiq Xəlilov AZƏRTAC-a müsahibəsində tur-aksiya haqqında məlumat verərək dedi: “Dörd günlük səfərdən xoş xatirələr və yüksək təəssüratlarla qayıtdıq. Şagirdlər aksiyanın birinci günündə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin tarixi, insanların məşğuliyyəti, qədim və orta əsr memarlıq abidələri ilə tanış oldular.
Qəbələ səfəri daha zəngin və rəngarəng idi. Şagirdlər “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində kanat yolu ilə dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr etdilər, xatirə şəkli çəkdirdilər. Şəhər gəzintisi, Heydər Əliyev Mərkəzi, “Beltmann” piano fabriki, tarix-diyarşünaslıq muzeyi, Nic qəsəbəsinə səyahət, Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntılar şagirdlər üçün çox maraqlı idi.
Şagirdlər avqustun 27-də Şəkinin tarixi yerləri və muzeyləri ilə tanış olub, şəhərin görməli yerlərini gəzdilər. “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Narınqala, Şəki xanlarının sarayı, “Sənətkarlar evi”, həmçinin XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi və digər tarixi yerlər tur-aksiya iştirakçılarında zəngin təəssürat yaratdı.
Tur-aksiya zamanı intellektual oyun da təşkil olundu. Birinci yerə çıxan Bərdədəki şəhər 3 nömrəli məktəbin şagirdlərinə kubok verildi. Şagirdlərimiz bu səfərdən çox şey öyrəndilər”.
Bərdə şəhər 3 nömrəli tam orta məktəbinin IX sinif şagirdi İlkin Əmiraslanlı səfər təəssüratlarını belə ifadə etdi: “Ekskursiyamız olduqca maraqlı idi. Çünki indiyədək getmədiyim, görmədiyim yerlərlə tanış olurdum. Bu yerlərdə hər şey - təbiətin gözəlliyi, tarixi abidələr mənim üçün yenilik idi. Bizə yaratdığı bu şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.