REGİONLAR
YAP Oğuz rayon təşkilatının sədri: Partiyamız yeni inkişaf mərhələsinə daxil olub
Oğuz, 5 mart, Mustafa Dadaşov, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayından ötən bir ildə qurultayın ölkəmizin ictimai-siyasi həyatında canlanmaya səbəb olduğunu və artıq tarixi hadisə kimi xarakterizə oluna biləcəyini əminliklə demək olar. 30 illik yubileyini qeyd edəcəyimiz YAP Azərbaycanın ən böyük aparıcı, fəaliyyəti ilə xalqın tam dəstəyini qazanmış bir partiya olmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqazın ən böyük, güclü siyasi qüvvəsidir. Partiya yarandığı gündən bu günədək Azərbaycanın inkişafına, dünyada yerinin və rolunun artmasına, eləcə də müstəqilliyinin möhkəmlənməsinə özünün mühüm töhfələrini verib.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov söyləyib.
Qurum rəsmisinin sözlərinə görə, prezident və parlament seçkilərindən, eləcə də 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıqlar siyasi islahatların aparılması zərurətini yaradıb. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ölkəmizdə başlatdığı islahatlar partiyanın fəaliyyətində də özünü gecikdirmədi. YAP Sədri İlham Əliyevin sədrliyi ilə 2021-ci il martın 5-də keçirilən VII Qurultay və bu qurultaydan irəli gələn məsələlərin icrası hər ötən gün partiyanın cəmiyyətdəki nüfuzunun artmasına, ölkədə demokratik cəmiyyət quruculuğunun sürətlənməsinə, ölkədaxili və əcnəbi siyasi partiyalarla, həmçinin beynəlxalq təşkilatlarla münasibətlərin, qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin davamlı xarakter almasına yol açır. Bütün bu və digər səbəblər onu göstərir ki, YAP-ın VII Qurultayı ölkəmizin tarixinə mühüm ictimai-siyasi hadisə kimi düşüb.
YAP rayon təşkilatının sədri qeyd edib ki, VII Qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “Biz birlikdə güclüyük” modelinin işə düşdüyünü, Azərbaycanda davamlı inkişaf mərhələsinin başlanıldığını nümayiş etdirdi.
VII Qurultayda partiyanın yeni Nizamnaməsinin təsdiq olunduğunu diqqətə çatdıran Saleh Məhərrəmov deyib: “Yeni Nizamnaməyə əsasən, Qurultay, YAP Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilib. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis olunub. Partiyanın Sədri İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub. Həmçinin partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilib. Qurultayda partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunub. Ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapıb. Beləliklə, YAP yeni inkişaf mərhələsinə daxil olub”.
Rayon təşkilatının sədri qeyd edib ki, milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Seçkilərdə ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşıda duran vacib məsələlərdir. Ölkədə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.
“Bu gün YAP üzvləri Ümummilli Liderin siyasi xəttinə sadiq qalaraq, bütün sahələrdə səylə çalışırlar. VII Qurultay bir daha göstərdi ki, YAP çoxmillətli bir ölkənin, sülhü, sabitliyi, tolerant, ümumbəşəri dəyərləri həyat tərzinə çevirən, müxtəlif xalqların birgəyaşayışına nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin - Azərbaycanın hakim partiyasıdır. Onun rəhbəri isə xalqımızın arxalandığı, inandığı, güvəndiyi, etibar etdiyi, etimad göstərdiyi, dünyada yaşayan bütün azərbaycanlıların lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Biz onunla birlikdə güclüyük!”, - deyə Saleh Məhərrəmov vurğulayıb.