Vladimir Qlazunov: Bakı - insanların böyük və çoxmillətli icmasına qucaq açan ayrıca planetdir
Bakı, 3 iyun, Tatyana İvanayeva, AZƏRTAC
Geniş ictimaiyyətə “Nostalgiya” kanalında yayımlanan “SSRİ-də doğulmuşlar” proqramının aparıcısı kimi tanınan rusiyalı teleaparıcı, prodüser, rejissor, teatr və kino aktyoru, pedaqoq Vladimir Qlazunov şənbə günü Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasının konsert salonunun səhnəsinə çıxıb və dünyada minlərlə tirajla çap olunmuş iki yüzdən çox musiqi kompozisiyasının yaradıcısı, musiqiçi, bəstəkar, “Golden Light Orchestra” layihəsinin yaradıcısı Sergey Sirotinin müşayiəti ilə “Tükürpədən sətirlər” (“Do muraşek”) poetik mono-tamaşasını təqdim edib.
“Poeziyanın qızıl səsi” adlandırılan Vladimir Qlazunovun peşəkar portfoliosuna NTV, TVC, TRT və digər kanallarla bir çox televiziya layihələri üzrə əməkdaşlıq fəaliyyəti daxildir. Fransa, İtaliya, İsrail, Yaponiya da daxil olmaqla, bir çox ölkələrdə lentə alınmış sənədli filmlərin müəllifi və rejissorudur. Onun fəaliyyəti təkcə bunlarla məhdudlaşmır. V.Qlazunovun maraq dairəsi olduqca genişdir. Lakin şeirlər onun həyatında xüsusi yer tutur.
Konsertdən əvvəl AZƏRTAC-ın müxbiri Vladimir Qlazunovla söhbətləşib və sözsüz ki, ilk növbədə Azərbaycanın paytaxtından söz açılıb.
- Bakı Sizin üçün nə deməkdir?
- Mən Bakını sevirəm. Buraya üçüncü dəfə gəlirəm və hər səfərim ayrıca bayrama çevrilir. Necə deyərlər, həm ziyarət, həm ticarət - həm istirahət, həm də iş. Doyunca gəzmək imkanımız var. İndi burada sizinlə italyan tenoru Fabio Andreottini dinləyirik, bundan əvvəl isə Vyaçeslav Butusovun konsertinə getdik, gənclik illərini xatırladıq və nostalji hisslər yaşadıq, şəhəri gəzdik. Mən buraya artıq bir neçə dəfə gəldiyim üçün deyə bilərəm ki, Bakını tanıyıram. Tam yaxşı tanımasam, mənim də bu şəhərdə sevdiyim yerlər var. Bu dəfə Kiprdən olan dostlarım da mənimlədir: Avropadan olan bəstəkarımız Sergey Sirotin və rejissor Olqa Konstantinu. İstəyirəm ki, onlar da Bakını mən sevdiyim qədər sevsinlər…
- Bu şəhərdə Sizi valeh edən hansı sehr var ki, buraya hər dəfə bu cür könül rahatlığı ilə səfər edirsiniz?
- Mənə elə gəlir ki, Bakı özü artıq onilliklərdir ki, bu sehrli enerji ilə dolub-daşır. Mən “SSRİ-də doğulmuşlar” proqramının aparıcısıyam və çox vaxt Bakıya səfər etmiş, burada yaşamış və ya bu şəhərdə anadan olmuş insanlar bu şəhər barəsindəki xatirələrində o qədər enerji ötürüblər ki, mən hər zaman buraya gəlmək arzusunda olmuşam. Bu yerin coğrafiyanın tamamilə ayrı bir hissəsi olduğunun fərqinə vardım. Yəni, vaxtilə Sovet İttifaqının tərkibində olmuş Azərbaycanın paytaxtına bənzəməyən, tamamilə fərqli bir şəhər gördüm... hərdən mənə elə gəlir ki, Bakı özü ayrıca bir ölkədir, insanların böyük və çoxmillətli icmasına qucaq açan ayrıca planetdir. Çoxlu sayda insanlar vaxtilə buraya səfər ediblər və köçüb gediblər. Bu şəhər sırf ziyalılardan ibarət seçkin təbəqəsi, elmi nailiyyətləri və mədəniyyəti ilə öyünə bilər. Buradan yalnız keçmiş İttifaq respublikalarına deyil, həm də SSRİ-dən kənardakı ölkələrə təsir göstərən müəyyən inkişaf dalğası başlayıb. İttifaqda bir neçə belə şəhər var idi. Mən bu siyahıya Odessa, Moskva və daha bir neçə şəhəri aid edə bilərəm. Buna görə də, bu planet-şəhərlərin hər birinə səfər etmək istəyirəm.
- Təqdim etdiyiniz proqram hər ayrıca şəhər üçün fərqlidirmi?
- Proqramların hər biri, bir qayda olaraq, məni rus dilindəki şeirlərə görə sevən rusdilli auditoriya üçün uyğunlaşdırılıb... Ən yaxşı şeirləri seçib gətirmişəm və tamamilə yeni proqram təqdim edəcəyəm. Ən yaxşısını və ən yenisini – Şərq və Qərbin poeziyasından inciləri oxuyacağam. Bu torpaqda, məhz Bakıda səslənməli olan Şərq müdrikliyini və uzun illər səsləndirdiyim şeirlərdəki müdrik müasirliyi vəhdət halında birləşdirmək qərarına gəlmişik.
- Şeir formatı müəyyən mənada ritm qavrayışının spesifikliyinə malikdir. Tamaşaçılar poeziyaya hər zaman anında reaksiya verirlər, yoxsa konsert zamanı onların ritm qavrayışına uyğunlaşmalı olursunuz?
- Heç vaxt belə bir hal baş verməyib ki, tamaşaçılarım üçün səsləndirdiyim şeirlər onların ritm qavrayışlarına uyğun olmasın... İnsanlar şeiri necə eşitməyə bilərlər?.. Yəqin ki, sizin üçün əziz olmayan və ürəyinizə yatmayan, buna görə də, başqalarının ürəyinə ötürə bilmədiyiniz şeirləri oxusanız, onlar sizi eşitməyəcəklər. Lakin oxuduğunuzu daxilinizdə bütün füsunkarlığı ilə yaşasanız və hiss etsəniz, şeiri müşayiət edən musiqinin elə ilk notlarından auditoriyanın ağlına və qəlbinə dərhal nüfuz edə biləcəksiniz...