CƏMİYYƏT
YAPONİYA HÖKUMƏTİNİN MALİYYƏ DƏSTƏYİ İLƏ QAXDA HƏKİM MƏNTƏQƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Qax, 14 aprel (AZƏRTAC). Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Yardımı Proqramı çərçivəsində Qax rayonunun Qorağan kəndində həkim məntəqəsi tikilib istifadəyə verilmişdir.
Bu münasibətlə aprelin 14-də Qorağan kəndində təntənəli mərasim keçirilmişdir. Tədbirdə Masamitsu Oki iştirak etmişdir.
Mərasimdən əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki və rayon rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin Qax şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sahəsində də böyük dəyişikliklərin baş verdiyini bildirmiş, ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən söhbət açmışdır. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini nəzərə çarpdıran natiq Yaponiya hökumətinin Azərbaycanda təhsil və səhiyyə sahəsi ilə bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd etmiş, belə bir dəyərli hədiyyəyə görə dost ölkənin səfirinə minnətdarlığını bildirmişdir.
M.Şəkiliyev diplomata xatirə hədiyyəsi təqdim etmişdir.
Səfir Masamitsu Oki gözəl təbiəti ilə seçilən Qax rayonunda Yaponiya hökumətinin maliyyə dəstəyi ilə uğurla başa çatmış daha bir layihənin açılış mərasimində iştirak etməyindən məmnun qaldığını bildirmiş, Qrant Yardımı Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, bu layihə Qax rayonunda həyata keçirilən sayca beşinci layihədir. Əvvəlki layihələr təhsil sahəsi ilə bağlı olmuşdur. Ümumiyyətlə, Yaponiya səfirliyi indiyə kimi Azərbaycanda səhiyyə sahəsi ilə bağlı 31 layihə başlamış, onlardan 28-i uğurla başa çatdırılmışdır.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Fərman Əhmədzadə, həkim məntəqəsinin baş həkimi Natella Əfəndiyeva və digər natiqlər çıxış edərək dəyərli hədiyyəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Açılışı bildirən lent kəsildikdən sonra yeni həkim məntəqəsinə baxış olmuşdur. Məlumat verilmişdir ki, bu layihə üzrə 2009-cu ilin oktyabrında Yaponiya səfirliyi ilə Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi arasında qrant müqaviləsi imzalanmışdır. Layihənin ümumi dəyəri 85 min 931 ABŞ dollarıdır.
On nəfər tibbi heyətin çalışacağı həkim məntəqəsi üç kəndin əhalisinə xidmət göstərəcəkdir.
######