ELM VƏ TƏHSİL
Yaponiya hökumətinin Şəkidə peşə təlimi məktəbinin təmiri layihəsinin başa çatması münasibətilə tədbir keçiriləcəkdir
Bakı, 24 avqust (AZƏRTAC). Şəkidə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində “Şəki şəhərində peşə təlimi məktəbinin binasının təmiri” layihəsi başa çatmışdır.
Yaponiyanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, avqustun 27-də Şəkidə layihənin başa çatması münasibətilə mərasim keçiriləcəkdir.
Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabenin iştirakı gözlənilir.
Qrant müqaviləsi layihəsi Yaponiya səfirliyi ilə “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyi arasında 2013-cü il fevralın 2-də imzalanmışdır.
Layihənin əsas məqsədi Şəki peşə məktəbində oxuyacaq tələbələrin təhsil şəraitini yaxşılaşdırmaqdır. Məktəbdə Şəkidən və 8 qonşu rayondan olan tələblər təhsil alacaqlar. Layihənin ümumi məbləği 122513 ABŞ dolları təşkil edir.
Hazırkı layihə də daxil olmaqla indiyədək Şəkidə 13 layihə üzrə qrant müqaviləsi imzalanmışdır.
“Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” bələdiyyələrin, tibb institutlarının və QHT-lərin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması olan layihələrini dəstəkləyir. Bu cür layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin artırılmasına yönəldilmiş sahələrdə həyata keçirilə bilər. Bu layihələr də daxil olmaqla Azərbaycanda imzalanmış qrant müqavilələrinin ümumi sayı 168, dəyəri 13500995 ABŞ dolları təşkil edir.
Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1 milyard ABŞ dollarını keçmişdir.