DÜNYA
Yaponiyada parlament seçkilərində erkən səsvermədə rekord sayda seçici iştirak edib
![Yaponiyada parlament seçkilərində erkən səsvermədə rekord sayda seçici iştirak edib](/files/2022/2/1200x630/16574488892000347456_1200x630.jpg)
Tokio, 10 iyul, AZƏRTAC
İyulun 10-da Yaponiyada parlamentinin yuxarı palatasına keçirilən seçkilərdə erkən səs verənlərin sayı müvafiq statistikanın aparıldığı bütün dövrlər ərzində ən yüksək həddə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin İnzibati İşlər və Kommunikasiya Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu dəfə erkən səsvermə hüququndan 19,6 milyondan çox insan istifadə edib, bu isə 2019-cu ilin müvafiq seçkiləri ilə müqayisədə 2,5 milyon nəfər çoxdur.
Xatırladaq ki, seçkilər Yaponiyanın sabiq Baş naziri və ölkənin hakim Liberal Demokratik Partiyasının (LDP) ən böyük fraksiyasının rəhbəri Şinzo Abe küçə mitinqi zamanı qətlə yetirildikdən iki gün sonra keçirilir. Müxalifət partiyaları səsverməni təxirə salmağa çağırsalar da, Yaponiyanın Baş naziri Fumio Kişida demokratiyanın zorakılıq qarşısında geri çəkilməyəcəyini bildirib.
Yaponiya qanunvericiliyinə əsasən, Baş nazirin namizədliyini müəyyən edən və büdcənin qəbulunda həlledici səsə malik olan əsas aşağı palatadan fərqli olaraq, Yaponiya parlamentinin yuxarı palatasının real səlahiyyətləri yoxdur. Ancaq orada səs çoxluğu əldə edən müxalifət partiyaları hökumətin işinə mane ola, qanun layihələrinin və ya büdcənin qəbulunu ləngidə bilərlər.
Yerli analitiklərin fikrincə və rəy sorğularının nəticələrinə görə, hakim koalisiyada təmsil olunan LDP və “Komey-to” Partiyası seçkilərdən sonra parlamentin yuxarı palatasında çoxluğu qoruyub saxlaya biləcəklər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio