DÜNYA
Yaponiyada parlament seçkilərində ölkə Konstitusiyasına dəyişikliklərin tərəfdarları üstünlük qazanıblar
![Yaponiyada parlament seçkilərində ölkə Konstitusiyasına dəyişikliklərin tərəfdarları üstünlük qazanıblar](/files/2022/2/1200x630/16574623725882112474_1200x630.jpg)
Tokio, 10 iyul, AZƏRTAC
Yaponiyada iyulun 10-da parlamentin yuxarı palatasına keçirilən seçkilərdə ölkə Konstitusiyasına dəyişiklikləri açıq şəkildə dəstəkləyən partiyalar böyük üstünlük qazanıb.
AZƏRTAC xəbər verir ki, bunu prefektura seçki komissiyalarının icmal məlumatları təsdiq edib. Həmin məlumatlara görə, hakim Liberal Demokratik Partiyadan (LDP) və “Komey-to” Partiyasından olan deputatlar, həmçinin bu məsələdə onları dəstəkləyən “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” yuxarı palatadakı 246 yerdən 166-nı qazanıb. Yaponiya qanunvericiliyinə əsasən, ölkə Konstitusiyasına düzəlişlərlə bağlı referendum keçirilməlidir. Belə bir referendumun təşkili üçün parlamentin hər palatasında deputatların üçdə ikisi bu təklifi dəstəkləməlidir. Parlamentin aparıcı aşağı palatasında LDP, “Komey-to” Partiyası və “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” artıq üçdə iki yerə malikdir.
Seçkilərin nəticələrini şərh edən LDP-nin siyasi şurasının rəhbəri Sanae Takaiçi təsdiq edib ki, hakim partiya iki gün bundan əvvəl qətlə yetirilən sabiq Baş nazir Şinzo Abenin də fəal tərəfdarı olduğu Konstitusiya dəyişikliklərini həyata keçirmək ideyasını reallaşdırmağa çalışacaq.
Qeyd edək ki, Konstitusiya dəyişikliklərinə tərəfdar olan partiyalar son illər parlamentdə lazım olan üstünlüyə malik olublar. Lakin cəmiyyətin əksər üzvlərinin bu məsələdə mənfi mövqe tutduğu nəzərə alınaraq həmin addımı atmağa tələsməyiblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio