DÜNYA
Yaponiyanın Baş naziri təbii fəlakətdən zərər çəkmiş rayonlara yardım göstərəcəyini vəd etmişdir
Tokio, 7 aprel (AZƏRTAC). Aprelin 6-da Yaponiyanın Baş naziri Şinzo Abe 2011-ci il martın 11-də baş vermiş zəlzələ və sunamidən zərər çəkmiş rayonlara səfər etmişdir. Bu, onun həmin regiona ötən ilin dekabrında Baş nazir seçildikdən sonra sayca beşinci səfər idi.
İvate prefekturasının Miyako şəhərində həmin fəlakət zamanı 180 nəfər həlak olmuşdur. Sunami dalğaları həmin vaxt ölkədə ən böyük - hündürlüyü 10 metr, uzunluğu 2 kilometr 400 metr olan dalğaqıranı aşmışdı.
Ş.Abe dalğaqıranın üzərində dayanaraq, həlak olanların xatirəsinə ehtiramını bildirmişdir.
Miyako şəhərinin meri Baş nazirə daha böyük dalğaqıranın inşası, eləcə də cari ilin sentyabrından başlayaraq, əhalinin daha hündür yerlərə köçürülməsi və burada inşaat işlərinin aparılması planı barədə məlumat vermişdir.
Baş nazir demişdir ki, hökumət zərər çəkmiş əhalinin yeni yaşayış yerlərinə köçürülməsi ilə bağlı layihənin həyata keçirilməsi üçün lazım olan bütün yardımları edəcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio