MƏDƏNİYYƏT
Yaponiyanın Zama şəhərində Azərbaycan və yapon milli musiqisindən ibarət xeyriyyə konserti keçirilmişdir VİDEO
Zama, 6 aprel (AZƏRTAC). Aprelin 5-də Kamaqava prefekturasının Zama şəhərində Yaponiya ilə Azərbaycan beynəlxalq əlaqələri çərçivəsində “Yapon və Azərbaycan milli musiqisi” xeyriyyə konserti keçirilmişdir.
Konsert Zama Beynəlxalq Əməkdaşlıq Assosiasiyası, Zama Mədəniyyət Mərkəzi və Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə təşkil edilmişdir.
Əvvəlcə tamaşaçılar “Zama harmony hall”un foyesində Azərbaycan mədəniyyətinə həsr edilmiş sərgi ilə tanış olmuşlar.
Konsertdən əvvəl Zama şəhərinin meri Mikio Endo və Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə tamaşaçıları salamlamışlar. Natiqlər bu tədbirin Yaponiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına mühüm təsir göstərəcəyini vurğulamış, iki dost xalqı biri-birinə daha da yaxınlaşdıracağını bildirmişlər.
Konsertin birinci hissəsində yapon musiqiçilər tərəfindən yapon milli musiqisi nümunələri səslənmişdir.
Konsertin ikinci hissəsi Azərbaycan haqqında təqdimatla başlamışdır. Vaseda Universitetinin magistri Emil Cəfərzadə slaydlar vasitəsilə Azərbaycan, paytaxt Bakı, ölkəmizin tarixi və mədəni irsi barədə məlumat vermişdir. Azərbaycanın turizm imkanlarını, sürətli iqtisadi inkişafını, son illər əldə edilmiş uğurları əks etdirən film nümayiş olunmuşdur.
Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın yapon musiqiçilərinin müşayiəti ilə ifa etdiyi bəstəkar N.Əliverdibəyovun “Elegiya” əsəri, Azərbaycan xalq musiqisi nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Yapon Ohira Kiyoşinin sazda ifa etdiyi “Qara tellər”, “Sudan gələn sürməli qız”, “Özünə özüm qurban” mahnıları konsertə xüsusi rəng qatmışdır.
Tokio universitetinin məzunu, azərbaycanlı Tahirə Erkanın ustalıqla ifa etdiyi “Tərəkəmə”, “Qaval”, “Laçın” və digər Azərbaycan milli rəqsləri yapon tamaşaçıların sürəkli alqışlarına səbəb olmuşdur.
Konsert bütün iştirakçıların və tamaşaçıların birlikdə ifa etdiyi “Ağaclar yenidən çiçəkləyəcək” yapon mahnısı ilə başa çatmışdır.
Zama şəhər meriyasının təhsil və mədəniyyət komitəsinin sədri Uematsu Kenya AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirmişdir ki, konsert zamalılar tərəfindən böyük maraqla qarşılanmışdır: “Belə tədbirlər Azərbaycan haqqında məlumat almaq, Azərbaycan mədəniyyətinin Yaponiyada təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Bu, eyni zamanda iki dost xalq arasında qarşılıqlı münasibətlərin inkişafına mühüm töhfədir. Biz baş vermiş təbii fəlakət zamanı yapon xalqına göstərdiyi diqqətə və yardıma görə dost Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiririk”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Zama