İQTİSADİYYAT
YAXIN VAXTLARDA BAŞ KOLLEKTIV SAZİŞİN İMZALANMASI GÖZLƏNİLİR
Bakı, 3 yanvar (AZƏRTAC). Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2010-2011-ci illər üçün üçtərəfli Baş Kollektiv Sazişin yaxın vaxtlarda imzalanması gözlənilir.
Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrı, Milli Məclisin deputatı Səttar Mehbalıyev məlumat vermişdir. Sədr demişdir ki, hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında sosial əməkdaşlığı gücləndirmək məqsədi ilə üçtərəfli sazişin bağlanması üçün AHİK və üzv təşkilatların rəhbərlərindən təşkil olunmuş komissiya artıq layihə üzərində işi başa çatdırmış və müvafiq orqanlara təqdim etmişdir.
AHİK sədri xatırlatmışdır ki, Baş Kollektiv Saziş imzalandıqdan sonra sahələr üzrə tarif sazişləri, yerlərdə kollektiv müqavilələr bağlanacaqdır. Baş Kollektiv Saziş, sahələr üzrə tarif sazişləri və kollektiv müqavilələr əsas hüquqi sənədlərdir. Bu hüquqi aktlarda nəzərdə tutulan bütün müddəalar işçilərin sosial hüquqlarının qorunmasına xidmət edir.
2008-ci il mayın 26-da imzalanmış sonuncu Baş Kollekiv Sazişin bu gün də quvvədə olduğunu bildirən S.Mehbalıyev, növbəti saziş imzalananadək bu sənədin hüquqi əhəmiyyətini itirməyəcəyini vurğulamışdır.